AZ

Zəngəzur dəhlizi üçün yeni qayda: Ermənilər deyir ki, bu Trampın təklifidir - MÜSAHİBƏ

BAKI, 5 iyul. TELEQRAF

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Azərbaycanla Ermənistan arasında bu ilin sonuna kimi sülh sazişinin imzalanacağı iddia edilir. Bakının sülhlə bağlı əsas şərtləri təmin olunmadan razılaşmanın əldə edilməsi gözlənilə bilərmi?

- İndi vəziyyət tam aydındır. Sülhlə bağlı Azərbaycanın şərtləri var. Ermənistan tərəfinin ilin sonuna qədər bu şərtləri təmin edib-etməyəcəyi bəlli deyil. Prezident İlham Əliyev də bəyan edib ki, indi sülhlə bağlı bütün məsələlər Ermənistanın üzərindədir. Baş nazir Nikol Paşinyanın Türkiyəyə səfəri və.s məsələlər də İrəvan bu mövzulara aid natamam davranışlarından xəbər verir. Çünki İrəvan Moskvadan üz döndərirsə, niyə Türkiyəyə üz tutduğu da aydın deyil. Doğrudan da Türkiyə ilə münasibətləri bərpa etmək niyyətləri vardısa, bunu 7-8 ilin ərzində etmək olardı. Ona görə də son günlərdə bu mövzulardan daha çox danışmaq istəyirlər. Amma nə olur-olsun Azərbaycanın sülhlə bağlı şərtləri icra edilməlidir.

- İrəvanın davamlı olaraq sülh mövzusundan danışmasına səbəb nədir? Nəyə tələsirlər?

- Erməni tərəfinin istəyi odur ki, Azərbaycanın sülhlə bağlı ilkin şərtlərini yerinə yetirmədən razılaşma əldə edilsin. Yəni, Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmadan və ATƏT-in Minsk Qrupundan imtina edilmədən sülh sazişini imzalamaq niyyətləri var. Ona görə də davamlı olaraq sülh və dəhlizə aid mövzuları gündəmə gətirirlər. Bütün bunlar isə nağıldır.

- Sizcə, Azərbaycan hansı halda bu şərtlər çərçivəsində sülhə razı ola bilər?

- Rəsmi Bakının mövqeyi dəyişməyib. Sülh ancaq Ermənistan konstitusiyası dəyişdirildikdən sonra imzalana bilər. Bu diplomatik bir qaydadır. Hansısa ölkənin digər dövlətə qarşı ərazi iddiası varsa, bu halda razılaşma əldə oluna bilməz. Bu nonsensdir və beynəlxalq qanunlara ziddir. Ona görə də bu məsələlərə tənqidi yanaşmalar olmalıdır.

- Hansısa Amerika şirkətinin nəzarəti ilə Zəngəzur dəhlizinin açılmasından danışılır. Paşinyan da əvvəllər bu mövzuya dair fikirlər səsləndirmişdi. Bu ehtimalı necə dəyərləndirirsiniz?

- Vaşinqtonda, “Beynəlxalq Sülh uğrunda Karnegi Fondu”nun hansısa erməni əməkdaşı bu mövzuya dair məqalə yazıb. İndi ermənilər az qala deyirlər ki, bu ABŞ Prezidenti Donald Trampın təklifidir və s. Hələlik bu mövzuya dair heç bir rəsmi açıqlama yoxdur. Azərbaycan tərəfi isə bu mövzuya tarixi kontekstdə yanaşmalıdır. Vaxtilə Azərbaycan iki hissəyə böləndə (1813-1828, Gülüstan və Türkmənçay müqavilələri - red) xalqımıza qarşı tarixi ədalətsizlik cinayət törədilib. Ona görə də Azərbaycanın əsas hissəsindən Naxçıvana maneəsiz əlaqə lazımdır. Ölkəmizin mövqeyi məhz bundan ibarətdir.

- Dəhlizlə bağlı ermənilərin əsas iddiası nədir?

- Ermənilər bu mövzuları gündəmə gətirməklə Azərbaycanın mövqeyinə təsir etmək niyyəti güdürlər. Bu cür informasiyaların ilkin mənbə açıqlanmadan yayılması onu göstərir ki, ermənilər bu məsələdə ciddi manipuliyasiya ilə məşğuldurlar.

Seçilən
1
18
teleqraf.com

10Mənbələr