Xəbər verdiyimiz kimi, ötən axşam radələrində Şəkidə sürücü idarə etdiyi “NİVA” markalı avtomobillə qəzaya düşüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Aydınbulaq kəndindən şəhər istiqamətində hərəkətdə olarkən baş verib.
Belə ki, Şirinbulaq kəndinin dağ dolaylarından “NİVA” ilə enərkən 70 yaşlı sürücü Akif Əliyevdə ürəktutması baş verib.
Nəticədə o idarəetməni itirərək maşını çökəkliyə aşırıb və hadisə yerindəcə vəfat edib.
Hadisədən sonra kənd camaatı qəza yerinə gələrək avtomobili çökəklikdən çıxarıb. Sürücüyə ilkin yardım göstərmək istəsələr də, gec olub.
Qohumlarının sözlərinə görə, Akif Əliyev uzun illər müxtəlif vəzifələrdə çalışıb. Eyni zamanda doğulduğu kənddə icra nümayəndəsi işləyib. O, bacarıqlı təsərrüfatçı olub, taxıl əkinləri ilə məşğul olub. Qohumları onu da əlavə edib ki, bədbəxt hadisə də elə biçindən qayıdarkən baş verib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu