Uzun müddətdir seriallarda rol almayan məşhur türkiyəli aktrisa Türkan Şoray bunun səbəbini açıqlayıb.
Ölkə.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün İstanbulda Türkan Şorayın həyatından bəhs edən “Türkan və Həyat” kitabının təqdimat mərasimi keçirilib. Sənətçi uzun illər birlikdə çalışdığı Bircan Usallı Silanın yazdığı kitab üçün keçirilən tədbirdə iştirak edib.
Elə bu zaman jurnalistlərə verdiyi açıqlamada seriala çəkilməməsinin səbəbindən danışıb: “Seriallarda həmişə çox gənc aktyorlar oynanılır. 25 yaşından sonra artıq uşaqlı qadın rolları canlandırılır. Müəyyən yaşdan sonra ikinci, üçüncü və dördüncü fon rolları daha çox olur. Onları da oynamaq istəmirəm. Məni olduğum kimi sevən tamaşaçımı məyus edəcəyəm?”
Sultan ləqəbli Şoray açıqlaması zamanı çox az film çəkildiyini də vurğulayıb: “Təəssüf ki, çox az film çəkilir. Seriallar daha çox gündəmdədir. Mən də “Tatlı Hayat” və “İkinci Bahar” kimi seriallara çəkildim. Yaşıma uyğun rollar idi. İndi bir qadının sosial problemindən bəhs edən bir film olsa, istəyərəm. Belə bir hekayə gəlmir. Ssenari yazarlarımız yoxdur”.
Aktrisa “Həyatınızın kino olmasını istərdinizmi?” sualına “Öləndən sonra olar, indi bu haqda düşünmürəm” deyə cavab verib. (Qafqazinfo)