Bakı.TurkicWorld
Qarabağda bütün məbədlər ayrı-seçkilik olmadan bərpa olunur.
TurkicWorld xəbər verir ki, bunu Hacı Allahşükür Paşazadə qanvermə aksiyasından sonra deyib.
"Birinci və İkinci Qarabağ müharibəsində şəhidlər verdik. Onların qanı yerdə qalmadı", - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin Ermənistan və erməni kilsəsi ilə mübahisələri Qarabağdakı hadisələrlə bağlı olub:
"Kilsə rəhbərləri əvvəllər özlərini qalib kimi göstərirdilər. Bu məni, eləcə də Azərbaycan xalqını incidirdi. İmam Hüseyn namus, qeyrət yolunda şəhid olubsa, bizim də qəhrəmanlarımız Vətən yolunda şəhid oldular".
"Özümü qalib xalqın Şeyxülislamı kimi hiss etmək qürurvericidir. Mən buna görə xalqımla, dövlətimlə fəxr edirəm. Qarabağda bütün məbədlər ayrı-seçkilik olmadan bərpa olunur. Dünya liderlərinin Xankəndiyə gəlməsi 5 il əvvəl heç kimin ağlına gəlməzdi. Amma Allah bizə bunu nəsib etdi. Bu bizim dövlətimizin siyasətidir".
"Biz İrəvan qazılığını bərpa etdik. Oraya da gedəcək, orada fəaliyyət göstərəcəyik. Sovet dövründə 17 məscidi olan Azərbaycanda bu gün minlərlə məsciddə dualar oxunur", - o əlavə edib.