AZ

Trampın Zəngəzur PLANI – Böyük güclərin Cənubi Qafqazda TOQQUŞAN MARAQLARI

ABŞ Prezidenti Donald Tramp administrasiyası qlobal münaqişələrin həllində fəallığını nümayiş etdirmək məqsədilə yeni plan irəli sürüb.

“Carnegie Politika"nın məlumatına görə, bu plana əsasən, Zəngəzur dəhlizi vasitəsilə yük daşımalarına nəzarət və idarəetmə amerikalı şirkətə həvalə edilməlidir.

Belə görünür ki, Vaşinqtonun Zəngəzur dəhlizinə marağı artıb.

Görəsən, Zəngəzur dəhlizinə ABŞ-ın artan marağı nədən qaynaqlanır? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən siyasi şərhçi Abutalıb Səmədovun fikrincə, ABŞ-ın bu təşəbbüsü Cənubi Qafqaza nüfuz etmək, Rusiyanı buradan sıxışdırıb çıxarmaq  niyyətindən irəli gəlir:

Zəngəzur dəhlizi həm bölgə, həm də dünya üçün mühüm əhəmiyyətə malikdir. Bu dəhlizə nəzarət dövlətlərə əlavə ciddi imkanlar yarada bilər. Həmin səbəbdən də Rusiya 10 noyabr bəyanatına sözügedən müddəanı saldırdı. Orada göstərilir ki, dəhlizə Rusiya sərhədçiləri nəzarət etməlidir. ABŞ-ın bu istiqamətdə təşəbbüsü ələ almaq istəyi ilk növbədə bölgəyə nüfuz etmək marağından qaynaqlanır. Bu da tədricən Moskvanın bölgədən uzaqlaşdırılması kimi qəbul olunur”.

Lakin ekspert fikrincə, ABŞ üçün birinci dərəcəli məsələ Zəngəzur dəhlizini nəzarətə götürmək deyil:

“Zəngəzur dəhlizi Şərq-Qərb dəhlizinin mühüm hissəsidir. Amma məsələ ondadır ki, Vaşinqton Çinlə Avropa İttifaqı arasında ticarət əlaqələrinin inkişafında maraqlı deyil. Deməli, onun dəhlizlə bağlı təklifində əsas marağı Rusiyanı Cənubi Qafqazdan çıxarıb orada möhkəmlənmək və İran sərhədinə bir qədər də yaxınlaşmaqdır. Bu səbəbdən Ermənistan ərazisində möhkəmlənmək ABŞ-ın İranla bağlı planlarında da mühüm rol oynaya bilər”.

Bütün hallarda ekspert sözügedən planın real olmadığı qənaətindədir:

“İran və Rusiya buna imkan verməyəcək. Ermənistan da öz növbəsində cəsarət edib, ABŞ-ın bu planını qəbul etməz”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
7
16
bizim.media

10Mənbələr