AZ

Azərbaycanın sülh və inkişaf siyasətinin bariz nümunəsi

Müxtəlif beynəlxalq və regional tədbirlərə evsahibliyi edən Azərbaycanda növbəti mühüm Zirvə görüşü də baş tutdu. Bu, təkcə diplomatik əhəmiyyət daşıyan tədbir deyil, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi bərpa və inkişaf prosesinin dünyaya təqdimatıdır.

Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, sammit çərçivəsində Ağdamda Gənclər, Şuşada Biznes və Laçında Qadınlar forumlarının təşkili Azərbaycanın bölgənin gələcəyinə verdiyi önəmi və inklüziv yanaşmasını bir daha nümayiş etdirir. Bu tədbirlər beynəlxalq ictimaiyyətə açıq mesajdır: Qarabağ sülh, əməkdaşlıq və inkişaf məkanıdır. 

Deputat deyib ki, Zirvə görüşündə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, dünyada baş verən son proseslər də diqqət mərkəzində olacaq: "13 ölkə liderinin iştirakı ilə keçirilən tədbirdə regionun gələcək inkişafı ilə bağlı mühüm müzakirələr aparıldı. ECO-ya üzv dövlətlər işğal dövründə Qarabağ münaqişəsi ilə bağlı açıq və prinsipial mövqe nümayiş etdirib, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Ermənistanın işğalçı siyasətinə qarşı sərt yanaşma ortaya qoymuşdular. 2021-ci il noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən ECO-nun XV Zirvə Toplantısında Prezident İlham Əliyevin iştirakı da bu baxımdan önəmli mərhələ olmuşdu.  Təşkilatın bu Zirvə görüşünü Azərbaycan üçün olduqca uğurlu hesab etmək olar. Həmin toplantıda qəbul edilmiş "Aşqabad fəaliyyət konsensusu" adlı yekun bəyannamədə Azərbaycanın maraqlarını müdafiə edən bir sıra mühüm müddəalar öz əksini tapmışdı. Bu, təşkilatın ölkəmizə olan dəstəyinin və üzv dövlətlərin Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə verdiyi açıq siyasi dəstəyin bariz göstəricisidir".

K.Bayramov diqqətə çatdırıb ki, növbəti Zirvə toplantısının məhz Xankəndidə keçirilməsi xüsusi siyasi, diplomatik və mənəvi məna daşıyır: "Bu qərar təkcə Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq miqyasda təsdiqi deyil, həm də Qarabağın dirçəlişi və reinteqrasiyası prosesinin beynəlxalq dəstəklə həyata keçirildiyini göstərir.  Burada müzakirə olunacaq məsələlər konkret olaraq dayanıqlı inkişaf, iqtisadi əməkdaşlıq və regionun yeni imkanlar üzərində qurulması məqsədlərinə yönəlib.  Azərbaycanın ECO-da fəal iştirakı, təşkilatın təşəbbüslərinə verdiyi töhfələr bu Zirvə görüşünün də uğurlu keçəcəyinə zəmin yaradır. Şuşanın 2026-cı il üçün ECO-nun mədəniyyət paytaxtı seçilməsi də təsadüfi deyil. Bu qərar təkcə mədəniyyətin deyil, həm də turizm və iqtisadi əməkdaşlığın genişlənməsi baxımından mühüm rol oynayacaq".  

O vurğulayıb ki, bu təşkilata üzv dövlətlərdə 550 milyona yaxın əhalinin yaşaması onun təkcə regional deyil, həm də qlobal iqtisadi proseslərdə önəmli rol oynaya biləcəyini göstərir. Xankəndidə keçirilən Zirvə toplantısı həm siyasi, həm də iqtisadi baxımdan olduqca əlamətdar hadisədir. Ən önəmlisi isə odur ki, bu sammit vasitəsilə ECO-ya üzv dövlətlərin Qarabağda həyata keçirilən bərpa-quruculuq proseslərinə daha fəal şəkildə qoşulması üçün real imkanlar yaranır. Artıq bəzi üzv ölkələr - Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan Qarabağda görülən işlərə konkret layihələri ilə dəstək veriblər. Bu isə həmrəyliyin və ortaq dəyərlər üzərində qurulan əməkdaşlığın bariz nümunəsidir. Sammitin yaratdığı bu platforma sayəsində digər üzv dövlətlərin də bu prosesə aktiv şəkildə qoşulacağı gözlənilir.

Zirvə görüşünün yalnız regional iqtisadi əməkdaşlığın inkişafı baxımından deyil, həm də strateji və siyasi əhəmiyyətinə görə xüsusi diqqətəlayiq olduğunu deyən deputat onu da əlavə edib ki, bu sammit Qarabağın artıq münaqişə zonası deyil, əksinə, sülh, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq üçün sabit platformaya çevrildiyini göstərir: "Burada qəbul olunan qərarlar ancaq iştirakçı dövlətləri deyil, milyonlarla insanın həyatına təsir göstərə biləcək strateji əhəmiyyət daşıyır. Bu mənada, Xankəndi sammiti Azərbaycanın beynəlxalq subyekt kimi mövqeyinin daha da möhkəmləndirilməsi baxımından mühüm hadisədir. Nəticə etibarilə, Xankəndidə keçirilən ECO Zirvə görüşü Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və strateji təşəbbüskar mövqeyinin bariz göstəricisidir. Bu tədbir bir daha sübut edir ki, Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, həm də bu torpaqlarda sülhü, inkişafı və beynəlxalq əməkdaşlığı təşviq edən yeni bir mərhələnin əsasını qoyub. Azərbaycanın təşəbbüsləri və qətiyyətli addımları nəticəsində Qarabağ artıq sülhün, rifahın və dayanıqlı tərəfdaşlığın rəmzinə çevrilir".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
0
28
azerbaijan-news.az

10Mənbələr