AZ

“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov

style='margin-bottom:10px;'>

“Ayın 25-dən məşqlərə başlamışıq. Demək olar ki, 10 gündür hazırlaşırıq, ilk tsikli keçmişik. Deməzdim təəccübləndim. Lakin sevindirici hal odur ki, yetərincə uzun müddətli pauzadan sonra futbolçular xoş təəssürat yaratdılar, düşərgəyə yaxşı vəziyyətdə qayıtdılar. Bu, məni sevindirdi. Eyni zamanda bu məqam bizə kömək olur ki, daha tez yükləmələrə keçək. Yoxlama oyunlarına daha tez hazır olaq”. 

QOL.az xəbər verir ki, bu sözləri “Neftçi"nin baş məşqçisi Samir Abasov klubun televiziyasına müsahibəsində deyib. 

O, Kiprin “Apollon” klubundan heyətə cəlb olunan Sessi D’Almeydanın çıxışını bir neçə aydır izlədiklərini bildirib: “Sessinin klubu ilə danışıqlarımız çoxdan gedirdi. Bu futbolçu qışdan nəzarətimizdə idi. Şükürlər olsun ki, ilk transferimiz oldu, bizə qoşuldu. Dayaq yarımmüdafiəçisidir. Aqressiyası, mübarizliyi, döyüşkənliyi ilə seçilir. Hansı ki, bu baxımdan keçən il problemlərimiz var idi. İnanırıq ki, bizə yetərincə kömək olacaq”.

Abasov Paraqvayın “Sportivo Ameliano” klubundan icarəyə götürülən Luis Ortis barədə də fikirlərini bölüşüb: “Ortis bizə icarə əsasında qoşulub. Kömək etsə, gələcəkdə klubu ilə danışıqlarımız davam edəcək. Bir neçə mövqedə - həm yarımmüdafiənin solunda, həm sağında, eləcə də 5-li müdafiə sistemində sol hücumameyilli müdafiəçi kimi çıxış edə bilir. Bir futbolçu bir neçə mövqedə oynaya bilirsə, bu, üstünlükdür və bizə də xeyirli ola bilər”.

Mütəxəssis “Sumqayıt”da rəhbərliyi altında çıxış etmiş Elvin Bədəlovun keçidinə də münasibət bildirib: “Bəli, çempionatda legioner limiti ləğv olunub. Lakin bu o demək deyil ki, bizdə yerli futbolçu olmayacaq. Elvini “Neftçi” cameəsi yaxşı tanıyır. Burada oynayıb. Sağ olsunlar, dəvətimizi, mənim istəyimi qəbul etdilər, “Neftçi”yə qoşuldular. Futbolçu olaraq bizə kömək edəcək, inanıram ki, “Neftçi”nin yükünü daşıya biləcəklər”.

“Neftçi”nin baş məşqçisi “Araz-Naxçıvan”dan İqor Ribeyronun keçidinə görə xoşbəxt olduğunu vurğulayıb: “Ribeyronun üstün cəhəti odur ki, bizi tanıyır. Söhbət Azərbaycan çempionatından gedir. Çox klublar bu cür varianta əl atırlar. Yəni imkanı daha yuxarı olan kollektivlər digər Azərbaycan klublarından futbolçu götürür. İqor çempionatımızın ən yaxşı müdafiəçilərindən biridir. İnanıram ki, bizə xeyir verəcək. Dediyim kimi, bizim çempionatı tanımağı üstünlüyüdür. Özü də “Neftçi”yə keçməkdə israrlı idi. “Neftçi” flaqmandır. Müdafiəyə yenə transferimiz olacaq. Xoşbəxtəm ki, Ribeyronu götürə bildik". 

S.Abasov heyəti yenə gücləndirəcəklərini qeyd edib: “Transferlərimiz davam edəcək. Çalışırıq ki, Polşaya təlim-məşq toplanışına gedənə qədər daha bir neçə futbolçunu gətirək. Düzdür, transfer etmək çətindir. Təkcə biz yox, bütün klublar üçün. Çünki bəzən elə olur ki, futbolçunu razı salırsan, menerləri ilə problem çıxır, yaxud menecerlərlə ortaq məxrəcə gəlirsən, klubu ilə hansısa problem yaranır. Hazırda danışdığımız bir neçə futbolçu var. Hansılar ki, günü sabah da alına bilər, birisigün də. Lakin futbolçu rəsmi müqaviləyə imza atmadan, transfer reallaşdı deyə bilmərik. Dediyim kimi, bəzən son anda əldən çıxır. Skaut departamenti də daim işləyir. Bütün transferlər mənim nəzarətim altındadır. Transferlərlə bağlı qərarı 100-də 100 mən verirəm. Heyətə yalnız mənim bəyəndiyim futbolçular cəlb olunur”. 

Sonda o, yeni mövsüm üçün hədəflərdən danışıb: “Hədəflər barədə soruşmaq belə artıqdır. “Neftçi”nin adı hədəfdir. Yüksək hədəflər uğrunda mübarizə aparacağıq. Futbolçularımızı da buna yönəldəcəyik. Əlbəttə, bu, çətindir. Çünki biz komandanı yenidən qururuq. Transferlərimiz vaxtında reallaşsa, keçənilkindən tamam fərqli heyət görəcəksiniz. Ola bilər adaptasiya çətin olsun. Yeni ölkə, yeni klub və s. Futbolçulara hədəfləri yeritmək çətin olacaq. İnanıram ki, öhdəsindən gələcəyik. Təzə gələn hər kəs bilməlidir ki, “Neftçi”nin adı hədəfdir. Bundan qırağa çıxmalı deyilik”. 

Seçilən
6
18
teleqraf.com

10Mənbələr