AZ

Türkiyəli diplomat: ECO-nun Xankəndindəki Zirvə görüşü Prezident İlham Əliyevin siyasi uğurunun göstəricisidir

Ankara, 4 iyul, AZƏRTAC

Onilliklər boyu gərginlik və erməni işğalı ilə xarakterizə olunan Qarabağ bölgəsi bu gün tarixi zirvə görüşlərinin keçirildiyi məkandır. Bunlar Prezident İlham Əliyevin nüfuzunun və düşünülmüş siyasətinin uğurunun göstəricisidir.

Bu fikri AZƏRTAC -a müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İMZA) Türkiyədəki nümayəndəsi Hulusi Kılıç söyləyib.

O, bu günlərdə dünya ictimaiyyətinin diqqətinin İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirildiyi Xankəndinə yönəldiyini vurğulayıb. “Xankəndində keçirilən Zirvə görüşü bir daha dünyaya göstərdi ki, Qarabağ Azərbaycandır!”, - deyə İMZA Birliyinin nümayəndəsi ümumilikdə yarım milyarddan çox insanın yaşadığı ECO-ya üzv dövlətlərinin yüksək potensialını xatırladıb.

Kılıçın sözlərinə görə, ECO Zirvə görüşü platforması kimi tədbirlər yeni əməkdaşlıq körpülərinin qurulmasına, liderlər arasında dialoqun möhkəmləndirilməsinə və mühüm qərarların qəbul edilməsinə imkan verir.

H.Kılıç Xankəndində iki günlük Zirvə görüşünün uğurla başa çatması münasibətilə Azərbaycan rəhbərliyini və xalqını təbrik edib. “Belə yüksək səviyyədə Zirvə görüşlərini təşkil etmək heç də hər bir dövlət qadir deyil.

“İMZA” Birliyinin nümayəndəsi Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) beynəlxalq mövqelərinin gücləndirilməsi kontekstində ECO Zirvə görüşünün əhəmiyyətini də diqqətə çatdırıb. “Azərbaycan Prezidenti Şimali Kiprə diqqətini bir daha nümayiş etdirdi. ŞKTC lideri Ersin Tatarın Qarabağa dəvət edilməsi Lefkoşa və onun dünyada tanınması üçün çox mühüm jest idi”, - deyə H.Kılıç bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Seçilən
3
50
azertag.az

10Mənbələr