Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan və Özbəkistan liderləri Bakıda ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdilər. Prezident İlham Əliyevin də söylədiyi kimi, münasibətlərimizin strateji, müttəfiqlik xarakteri bir daha təsdiqləndi. Bakıda imzalanan yeni sənədlər yeni əməkdaşlıq istiqamətlərini əhatə edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurulayeva deyib.
Deputat ölkələrimizin artıq 2-ci ildir ki, müttəfiqlik münasibətləri haqqında müqavilə imzaladıqlarını xatırladıb: “Müttəfiqlik Bakı ilə Daşkənd arasında qarşılıqlı etimadın artmasının nəticəsidir. Bu vaxta qədər Özbəkistan Mərkəzi Asiyanın bütün ölkələri ilə strateji tərəfdaşlıq sazişləri imzalayıb. Müttəfiqlik sazişi isə region dövlətlərindən yalnız Qazaxıstan və Tacikistanla mövcud idi. Ötən il Azərbaycan da bu siyahıya daxil oldu. Beləliklə, Azərbaycan və Özbəkistan müttəfiqlik münasibətləri beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyət və qarşılıqlı dəstəklə xarakterizə olunur.
Azərbaycan Cənubi Qafqazın ən etibarlı nəqliyyat qovşağı kimi Özbəkistan üçün də maraqlı tərəfdaşdır. Bu mənada rəsmi Daşkənd Avropa və Yaxın Şərqlə ticarəti inkişaf etdirmək üçün Azərbaycan infrastrukturundan istifadə etməkdə maraqlıdır. Bakıda aparılan müzakirələrdə də nəqliyyat sahəsində əməkdaşlıq prioritet oldu".
Deputat vurğulayıb ki, hər iki ölkə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasında maraqlı olduğunu bir daha bəyan etdi. Ölkələrimizin mövcud və gələcək nəqliyyat infrastrukturu qarşılıqlı faydalı əməkdaşlıq üçün əlavə platforma yaradacaq və qitənin əsas regionlarının əlaqəsini gücləndirəcək.
Dövlət başçıları həmçinin ticarətin, əməkdaşlığın daha da gücləndirilməsinin, logistika infrastrukturunun inkişafının vacibliyini qeyd ediblər. Bu, bilavasitə ticarət-iqtisadi əməkdaşlığın daha da inkişafına, mövcud imkanlardan daha geniş istifadə olunmasına və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın güclənməsinə gətirib çıxaracaq. İmzalanmış bütün saziş və sənədlərin icrasının dövlət başçılarının nəzarətində olması, ikitərəfli əməkdaşlıq əlaqələrinin səmərəli aparılmasına, çoxtərəfli tərəfdaşlığın mühüm sahələrinin inkişafına səbəb olacaq.
"Özbəkistan həm də işğaldan azad olunmuş ərazilərin bərpasına, buraya qayıdan yerli əhalinin məşğulluğuna töhfəsini verməkdədir. Belə ki, Füzulidə inşa olunan orta məktəb, həmçinin Xankəndidə 200-dən çox insanın çalışdığı tikiş fabriki qardaş dəstəyinin nümunəsidir.
Dövlət rəhbərlərinin müntəzəm nəzarəti altında müxtəlif sahələrdə iri layihələr həyata keçirilir ki, bu da qarşılıqlı beynəlxalq əlaqələrin etibarlı, sistemli və davamlı şəkildə davam etdirilməsi üçün möhkəm zəmin yaradır.
Ümumiyyətlə, bu gün Azərbaycanın Mərkəzi Asiya ilə qarşılıqlı inteqrasiyası uğurla davam edir. Bakı ilə Daşkənd münasibətlərinin timsalında da qeyd edə bilərik ki, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin bütün platformalarda vahid geosiyasi məkan kimi rolu və əhəmiyyəti artmaqdadır", - deyə Könül Nurullayeva fikirlərini tamamlayıb.