AZ

Putin Trampı şoka salıb - “müharibə o vaxta qədər davam edəcək ki...”


Ceyhun Məmmədov: “Putinin maksimalist mövqedən çıxış etməsi Rusiyaya fəlakət vəd edir”

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla altıncı telefon danışığı zamanı Ukraynadakı məqsədlərindən geri çəkilməyəcəyini bildirib. ABŞ prezidenti onu döyüşləri tez bir zamanda dayandırmağa çağırıb.

Kreml isə danışıqlardan sonra bildirib ki, Tramp Rusiya lideri Putinlə telefon danışığı zamanı “Ukraynada döyüşlərin mümkün qədər tez dayandırılması məsələsini qaldırıb”.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Putin Trampa bildirib ki, Rusiya Ukraynada əldə etməyə çalışdığı məqsədlərdən imtina etmək niyyətində deyil. Bu, Trampın yanvar ayında yenidən vəzifəyə başlamasından bəri prezidentlər arasında baş tutan altıncı telefon danışığıdır: “Prezidentimiz dedi ki, Rusiya qarşısına qoyduğu məqsədlərə nail olmağa çalışacaq, yəni mövcud vəziyyətə, mövcud kəskin qarşıdurmaya gətirib çıxaran hər kəsə məlum olan ilkin səbəblərin aradan qaldırılmasına. Rusiya bu məqsədlərdən geri çəkilməyəcək”.

Bir sözlə, Putin Trampın müharibəni tez bitirmək çağırışını rədd edib. Maraqlıdır, Putin niyə bu qədər aqressivləşib? O, Trampın sözünü yerə salaraq müharibəni tez bitirməkdən imtina etməklə nəyə arxayındır?

“Moskvanın Tramp administrasiyasının danışıqlara önəm verməsindən sui-istifadə etməsi bu ölkə üçün pis nəticələnə bilər”

Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bunu bir sıra amillərlə əlaqələndirdi: “Görünən odur ki, proseslərin bu istiqamətdə inkişaf etməsi planlaşdırılırdı. Rusiya 3 il 4 ay ərzində böyük sayda əsgər itirib, ciddi həcmdə maliyyə itkisinə məruz qalıb. Ona görə də, məlum məsələ idi ki, bütün bunlardan sonra Rusiyanın öz məqsədlərindən imtina edəcəyi real deyil. Rusiya üçün itkilərin heç bir önəmi yoxdur. Putin nə qədər böyük itkilərə məruz qalsa da, öz məqsədinə çatmaq üçün sona qədər gedəcək. Putin görür ki, bir belə itki ölkədə ciddi etirazlara gətirib çıxarmır. Ancaq o da bir reallıqdır ki, Rusiya davamlı olaraq müharibəni apara bilməz. Ona görə ki, Rusiyanın malik olduğu resurslar sonsuz deyil. Hesab edirəm ki, Rusiya danışıqlar masasında əlini gücləndirmək üçün maksimalist mövqedən çıxış edərək müharibəni dayandırmaqdan imtina edir. Fikrimcə, Putin qərarlı şəkildə müharibəni dayandırmaqdan imtina edərsə, ABŞ Ukraynanı daha da silahlandıracaq. Nəticədə Rusiya növbəti günlərdə daha çox itki ilə üz-üzə qalacaq. Moskvanın Tramp administrasiyasının danışıqlara önəm verməsindən sui-istifadə etməsi bu ölkə üçün pis nəticələnə bilər. Çünki son proseslər göstərdi ki, Birləşmiş Ştatlar Rusiyadan daha müasir hərbi silah və texnikaya malikdir. ABŞ-ın Ukraynaya dəstəyi artacağı təqdirdə nəticəsi Rusiya üçün daha ağır olacaq. Bu zaman Rusiya daha çətin duruma düşəcək. Müharibənin aparılması böyük resurslar tələb edir. Nəzərə alsaq ki, Qərb Ukraynanın arxasındadır, o zaman Rusiyanın iqtisadi resursları buna duruş gətirməyəcək. Bu baxımdan hesab edirəm ki, Putinin maksimalist mövqedən çıxış etməsi Rusiyaya fəlakət vəd edir”.

Vidadi ORDAHALLI

Seçilən
11
50
baki-xeber.com

10Mənbələr