AZ

"Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr vacib yer tutur" - DEPUTAT

"Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr vacib yer tutur" - DEPUTAT"Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə növbəti dəfə ev sahibliyi edir. Bu gün Azərbaycanın ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsini deyil, həm də mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsini hədəfləyir. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr vacib yer tutur. Azərbaycan ECO-nun fəaliyyətinə bir çox töhfələr vermişdir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Həmçinin Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.

O, açıqlamasında qeyd edib ki, Azərbaycanın enerji və nəqliyyat sahələrində strateji mövqeyə sahib olması ECO-dakı mövqeyini daha da gücləndirir:

"Ölkənin zəngin təbii sərvətləri, xüsusilə enerji ehtiyatları, habelə əlverişli coğrafi mövqeyi onu təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının aparıcı tranzit və enerji mərkəzlərindən birinə çevirib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti və Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələr Azərbaycanın bu sahədəki liderliyini açıq şəkildə ortaya qoyur. Həmin layihələr, eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatı coğrafiyasında enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malikdir.

Ölkəmiz həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərində fəal iştirak edir. İnkişaf etmiş logistika infrastrukturu, müasir liman və dəmir yolu sistemləri sayəsində Azərbaycan region ölkələri ilə yanaşı, Avropa və Asiyanın iqtisadi bağlantısında əsas körpülərdən birinə çevrilib. Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz kimi strateji təşəbbüslər çərçivəsində Azərbaycanın fəallığı danılmazdır.

İƏT sammitinin Xankəndidə keçirilməsi həm siyasi, həm də sivilizasiya baxımından mühüm hadisədir. Sözsüz ki, Zirvə görüşünün işğaldan azad olunan torpaqlarda keçirilməsi Azərbaycanın növbəti diplomatik uğurlu siyasətindən irəli gəlir. ECO Azərbaycanın ən aktiv təmsil olunduğu qurumlardandır. Növbəti Zirvə toplantısının məkanı kimi məhz Xankəndinin seçilməsi xüsusi məna daşıyır. Bu, həm də bölgənin beynəlxalq diplomatik arenaya çevrilməsindən xəbər verir. Bu tədbir 30 ildən çox separatizmə yuva olmuş Xankəndini diqqət mərkəzinə gətirir".

Vüsalə İbrahimli

Seçilən
17
15
sonxeber.az

10Mənbələr