"Azərbaycan üzv ölkələrlə həm iqtisadi, həm siyasi baxımdan dərin əməkdaşlığa gedir"
Politoloq Rəşad Bayramov News365.az-a açıqlamasında bildirib ki, son zirvə görüşü təkcə təşkilatın gələcək fəaliyyəti baxımından deyil, eyni zamanda regionda yeni siyasi münasibətlərin formalaşması baxımından da əhəmiyyətlidir.
Onun sözlərinə görə, zirvə toplantısında qəbul olunan qərarlar İqtisadi Əməkdaşlıq Təşkilatının gələcək inkişafına və üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək:
“Bu cür tədbirlər sadəcə toplanıb qərar qəbul edib dağılışmaqdan ibarət deyil. Təbii ki, ikitərəfli görüşlər keçirilir, regional məsələlər ətrafında ciddi müzakirələr aparılır. Xüsusilə də indiki mərhələdə, Azərbaycanın şimal qonşusu tərəfindən artan təzyiqlər fonunda Prezident İlham Əliyevin Türkiyə və Pakistan liderləri ilə bu məsələləri müzakirə etməsi mühüm əhəmiyyət daşıyır.”
Bayramov qeyd edib ki, tədbirdə iştirak edən Orta Asiya ölkələri – uzun illər Rusiya təsir dairəsində olan dövlətlər – bu gün Azərbaycandadır və onlarla aparılan danışıqlar yeni mərhələnin əsasını qoya bilər.
“Azərbaycanın iqtisadi əməkdaşlıq platformasında rolu təkcə iqtisadi deyil, həm də siyasi baxımdan stratejidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan artıq regional enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir. Bunun fonunda nəqliyyat dəhlizlərinin genişləndirilməsi və Azərbaycanın coğrafi mövqeyinin düzgün dəyərləndirilməsi üzv ölkələr üçün ciddi perspektivlər yaradır,” – deyə politoloq bildirib.
Rəşad Bayramov vurğulayıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatının indiyə qədər tam şəkildə ortaya qoyulmamış potensialı var və bu zirvə görüşü həmin potensialın reallaşdırılması baxımından yeni mərhələnin başlanğıcı ola bilər.