AZ

"Azərbaycan və Özbəkistan birgə strateji baxışla gələcəyə inamla addımlayır" - Deputat

"İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin tarixində mühüm dönüş nöqtəsi kimi yadda qalacaq. Həm dostluq, həm də müttəfiqlik ruhunda keçən bu səfər ikitərəfli münasibətlərin strateji səviyyəsini bir daha təsdiqləyir". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentari bildirib ki, Daşkənd şəhərində 2024-cü il avqustun 23-də imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” bu əlaqələrin hüquqi təməlini təşkil etməklə yanaşı, dövlətlərarası əməkdaşlığı yeni bir mərhələyə çıxarıb.

"Prezident İlham Əliyevin vurğuladığı kimi, biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulsa da, son illərdə bu əlaqələr daha da dərinləşmiş və çoxşaxəli müstəviyə keçmişdir. Dövlətlərarası münasibətlərin mühüm istiqamətlərindən biri də iqtisadi əməkdaşlıqdır. Səfər zamanı Prezident İlham Əliyev bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondunun artıq praktiki olaraq layihələrlə təmin olunduğunu qeyd edib. 500 milyon dollarlıq nizamnamə kapitalına malik bu fond çərçivəsində energetika, mehmanxana biznesi, tikinti və kənd təsərrüfatı sahələrində 10-dan çox layihə razılaşdırılıb.Nəqliyyat-logistika sahəsində əməkdaşlıq Azərbaycan–Özbəkistan münasibətlərinin strateji əhəmiyyətini ortaya qoyur. Xəzər dənizi vasitəsilə Azərbaycana, oradan isə Avropaya çıxışı təmin edən Orta Dəhliz layihəsi bu sahədə ən aktual və gələcəyə yönəlik təşəbbüslərdəndir. 

Özbəkistanın azad edilmiş ərazilərin bərpasına göstərdiyi dəstək qardaşlıq münasibətlərinin ən bariz ifadələrindəndir. Özbəkistanın təşəbbüsü ilə Füzuli rayonunda inşa olunan və Mirzə Uluqbəyin adını daşıyan məktəb Qarabağın sosial infrastrukturunun bərpasında xarici ölkə tərəfindən göstərilən ilk dəstək kimi tarixə düşüb. Bu məktəb təkcə bir təhsil müəssisəsi deyil, Azərbaycan–Özbəkistan dostluğunun təcəssümüdür. Bundan əlavə, Xankəndidə yaradılmış tikiş fabriki sosial-iqtisadi dirçəlişə töhfə verən ikinci mühüm layihədir. Hazırda 200-dən çox insanı işlə təmin edən bu müəssisə yaxın gələcəkdə daha geniş miqyas alacaq. Bakının mərkəzində Özbəkistanın yeni səfirlik binasının açılışı və “Ağ şəhər” layihəsi çərçivəsində “Özbəkistan” parkının salınması mədəni və diplomatik münasibətlərin genişlənməsinin göstəricisidir. Təxminən 5 hektarlıq ərazidə inşa olunacaq park Özbəkistan mədəniyyətinin təzahürü olaraq dövlətlərarası qardaşlıq münasibətlərinin məkanı olacaq. Bu cür layihələr vətəndaşlar arasında təmasları artırmaqla yanaşı, turizmin inkişafına, mədəni əlaqələrin dərinləşməsinə təkan verəcək.

Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm elementlərindən biri də parlamentlərarası əməkdaşlıqdır. Hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən işçi qruplar ikitərəfli hüquqi bazanın genişləndirilməsində və qanunvericilik sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsində mühüm rol oynayır.

İki qardaş ölkənin liderləri tərəfindən təməli qoyulan layihələr regional sabitlik və rifahın təmin olunmasında, Türk dünyasının inteqrasiyasında və beynəlxalq miqyasda ortaq maraqların müdafiəsində böyük əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan birgə iradə, qarşılıqlı etimad və strateji baxışla gələcəyə inamla addımlayır".

Seçilən
21
50
unikal.az

10Mənbələr