ECO enerji sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində böyük potensiala malikdir.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.
Onun sözlərinə görə, Türkmənistan təklif edir ki, İƏT üzvlərinin enerji siyasətinin əlaqələndirilməsi üçün mexanizm qurulsun:
"İƏT sammitinin işinin yaxşı təşkil edilməsi və səmimi qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edirəm.
İƏT 10 dövləti bir araya gətirir və yarım milyardlıq əhalini əhatə edir. 2017-ci ildə qəbul edilmiş İƏT planları bütün iqtisadi sahələrdə mühüm məqsədlərimizi əks etdirib. 2020-ci ildə Tədbirlər üzrə Aşqabad sənədi qəbul edildi. Burada əlaqələrimizin gücləndirilməsi, regionda iqtisadi əməkdaşlığın genişləndirilməsi əks olunub.
Türkmənistan 2035-ci ilə qədər İƏT-in məqsədlərindən ibarət yeni proqram sənədinin qəbul edilməsini vacib hesab edir. Təşkilatımız çoxtərəfli əməkdaşlığın təmin olunmasında əhəmiyyətli rol oynayır. Nəqliyyat sektorunda coğrafi mövqeyi nəqliyyat sahəsində əməkdaşlığın inkişafına imkan yaradır".
Nazir qeyd edib ki, Türkmənistan İƏT üzvlərinin Ticarət və Sənaye Palatalarının Şurasının yaradılmasını təklif edir.