AZ

Qardaşlıq, müttəfiqlik və ortaq gələcək

Bakı, 4 iyul, AZƏRTAC

2025-ci ilin iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Rəsmi qarşılanma mərasimindən sonra dövlət başçıları arasında geniş tərkibdə danışıqlar aparıldı və bir sıra mühüm sənədlər imzalandı. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış etdilər.

Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda Özbəkistan Prezidentinin Azərbaycana səfərini tarixi adlandıraraq, münasibətlərin yeni, strateji bir mərhələyə qədəm qoyduğunu vurğuladı. O bildirdi ki, keçən il Daşkənddə imzalanan “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” bu gün Azərbaycan və Özbəkistan arasında münasibətlərin hüquqi və siyasi əsasını təşkil edir.

“Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür”, – deyə Prezident İlham Əliyev qeyd etdi. O vurğuladı ki, iki ölkə artıq dünya arenasında müttəfiq kimi çıxış edir və bir-birinin beynəlxalq təşəbbüslərini dəstəkləyir. Prezident bu əməkdaşlığın təkcə siyasi deyil, eyni zamanda iqtisadi, mədəni və humanitar sahələri də əhatə etdiyini bildirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva söyləyib.

“Prezident İlham Əliyev Bakı şəhərində Özbəkistan səfirliyinin inşası üçün torpaq sahəsinin hədiyyə olunmasını qardaşlıq münasibətlərinin nümunəsi kimi təqdim etdi. O, bu qərarın Ulu Öndər Heydər Əliyevin vaxtında qəbul olunduğunu və bu gün də həmin siyasətin davam etdiyini qeyd etdi. “Atam bu yeri qardaş ölkəyə verib. Bu həm dostluğun, həm də qardaşlığın rəmzidir”, – deyə dövlət başçısı bildirdi.

Prezident İlham Əliyev çıxışında Özbəkistan milli futbol komandasının dünya çempionatına vəsiqə qazanmasını təbrik etdi və bu uğurun təsadüfi olmadığını bildirdi. O, Özbəkistan rəhbərliyinin gənclərə göstərdiyi diqqət və ölkənin inkişafına yönəlmiş siyasətin bu nailiyyətin əsas səbəbi olduğunu qeyd etdi.

Bəyanatın sonunda İlham Əliyev bildirdi ki, növbəti gün iki ölkənin liderləri birlikdə Qarabağa səfər edəcəklər. Bu səfər Özbəkistanın Qarabağın bərpasında iştirakına və bölgədəki yenidənqurma işlərinə göstərdiyi dəstəyə dəlalət edir.

Bir daha qeyd etmək lazımdır ki, Özbəkistan Prezidentinin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərində qardaşlıq və müttəfiqlik bağlarının nə qədər güclü və perspektivli olduğunu bir daha sübut etdi. Bu səfər iki xalqın tarixə söykənən dostluq əlaqələrinin müasir dövrdə strateji tərəfdaşlığa çevrildiyini göstərdi”,- deyə Jalə Əliyeva vurğulayıb.

Seçilən
4
50
azertag.az

10Mənbələr