AZ

Siyasi ekspert: ECO-nun 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi azad edilmiş torpaqlarımızın güclü dirçəlişinin mesajıdır

Bakı, 4 iyul, AZƏRTAC

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilməsinin həm Azərbaycan, həm də bölgə üçün mühüm əhəmiyyəti var. Bu görüş Azərbaycanın günü-gündən artan nüfuzunun, diplomatik rolunun, bölgədə sülh və stabilliyin qarantı olmasının göstəricisidir. Tədbirin Xankəndidə keçirilməsi isə özlüyündə dünyaya güclü dirçəliş mesajıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Ülviyyə Zülfiqar deyib.

O qeyd edib ki, ECO ölkələrini məhz Xankəndidə - işğaldan azad olmuş torpaqlarımızda bir masa ətrafında toplayan Azərbaycan, bununla həm dialoq və əməkdaşlığın özünün xarici siyasətinin əsas istiqaməti olduğunu, həm də Qarabağın dirçəliş mesajını verməklə onun müsbət dinamikaya malik diplomatik mərkəzə çevrildiyini göstərmiş olur.

Onun sözlərinə görə, Azərbaycan 30 illik ədalətsizliyi öz gücü vasitəsilə aradan qaldıraraq torpaqlarını işğaldan azad etdi, indi də bu ərazilərin dirçəlişini həyata keçirir. Üstəlik Qarabağ indi həm də sabitlik, inkişaf, yenilik uğrunda müzakirələrin aparıldığı siyasi qovşağa çevrilir.

“Bu gün Azərbaycan çox sayda gələcəyə yönəlik layihələri və artıq həyata keçmiş uğurlu modelləri ilə dünyanın diqqət mərkəzindədir. Azərbaycan ənənəvi enerji resurslarına malik ölkə olmaqla yanaşı o cümlədən yaşıl enerjinin geniş miqyasda təbliğatçısı və təminatçısıdır. Görüşlər zamanı həm siyasi, həm iqtisadi, həm də ticari məsələlər müzakirə ediləcək. ECO ölkələri, eləcə də bölgəmiz üçün mühüm əhəmiyyət daşıyan yeni innovativ qərarların alınması gözlənilir.

Ümumilikdə bu zirvənin Xankəndidə keçirilməsi Azərbaycanın İslam ölkələrinin, türkdilli dövlətlərin diplomatik mərkəzinə, birləşdirici nöqtəsinə çevrildiyini nümayiş etdirmiş olur və bir daha Azərbaycanın xarici siyasətinin uğurlarını vurğulamış olur”, -deyə siyasi ekspert bildirib.

 

Seçilən
0
38
azertag.az

10Mənbələr