Prezident Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 18-ci Sammitinin İranda keçirilməsini təklif edib.
Trend-in Xankəndiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu İran prezidenti İƏT-in Xankəndi şəhərində keçirilən 17-ci Sammitində çıxışı zamanı deyib.
"İran İslam Respublikası İƏT-in növbəti sammitlərindən birinə ev sahibliyi etməyə hazır olduğunu təsdiq edir və hörmətli üzv dövlətlərin iştirakını alqışlayır", - o deyib.
Bundan əlavə, Məsud Pezeşkin əsas istiqamətlər üzrə İƏT çərçivəsində əməkdaşlığın inkişafının davam etdirilməsinin zəruriliyini qeyd edib.
"İƏT daxilində regional ticarət hələ də ölkələrin ümumi ticarətinin yalnız 8%-ni təşkil edir. Biz azad ticarət zonası üzrə danışıqları intensivləşdirməli və 2035-ci ilə qədər onları konkret nəticəyə çatdırmalıyıq. Ticarət sazişinə yenidən baxılması və onun sürətlə həyata keçirilməsinə təcili ehtiyac var", - deyə dövlət başçısı əlavə edib.