AZ

Azərbaycan - Özbəkistan: Strateji müttəfiqlik yeni mərhələdə

Elə ölkələr var ki, onların münasibətləri keçici maraqlara əsaslanır və maraqlar tükəndikdə əlaqələr də kəsilir. Azərbaycan və Özbəkistanın münasibətləri isə xalqların, cəmiyyətlərin tarixi bağlılığına, oxşar ənənələrə və milli-mənəvi dəyərlərə əsaslanmaqla uzunömürlü və sarsılmazdır. İki ölkə arasında siyasi dialoq yüksək dinamikası ilə fərqlənir və burada liderlərin şəxsi nümunələrini, onların dostluq münasibətlərinin, müxtəlif səviyyələrdə təmasların artmasının rolunu xüsusi qeyd etmək lazımdır. Dövlət başçıları tez-tez qarşılıqlı səfərlər edirlər. Bir qayda olaraq İlham Əliyev Özbəkistanda, Şavkat Mirziyoyev isə Azərbaycanda əziz qonaq kimi qarşılanırlar və onlar məmnuniyyətlə bildirirlər ki, bu səfərlər zamanı özlərini evlərindəki kimi hiss edirlər.

Dost Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin bugünlərdə ölkəmizə baş tutan növbəti dövlət səfəri barədə də eyni fikirləri ifadə etmək mümkündür. Səfər çərçivəsində dövlət başçıları bir sıra mühüm tədbirlərə qatılıblar. Prezident İlham Əliyev mətbuata verdiyi Bəyanatında məmnunluq hissi ilə bildirib ki, Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir.

Həmçinin dost Özbəkistanın dövlət başçısı da səfər barədə xoş təəssüratlarını bölüşüb. “Biz qardaşlarımızın yanına gəlmişik və bu gün burada hər şey öz evimizdəki kimidir”, - deyə Şavkat Mirziyoyev mətbuata bəyanatında vurğulayıb.

Dövlətlərarası münasibətlərdə ən yüksək səviyyə

Liderlərin intensiv təmasları son nəticədə dövlətlərarası münasibətlərin dinamikasına güclü təkan verir, qarşılıqlı inamı daha da artırır.  Artan inamın nəticəsidir ki, iki ölkənin münasibətlərində böyük uğurlar əldə olunub. Liderlərin bildirdikləri kimi, bugünədək razılaşmaların heç biri kağız üzərində qalmayıb.

İndiyədək iki ölkə arasında çoxvektorlu əməkdaşlığın təməlində dayanan əsas siyasi sənəd “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” idi. Prezident İlham Əliyevin ötən ilin avqust ayında Özbəkistana baş tutan  səfəri çərçivəsində isə dövlət başçıları  “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzaladılar. Onlar həmçinin  “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”nı qəbul etdilər.

Özbəkistan liderinin növbəti dəfə respublikamıza səfərə gəlməsi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin yüksək səviyyədə qarşılanması, səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirlməsi, yeni sənədlərin mübadilə edilməsi ondan xəbər verir ki, hər iki tərəf starteji müttəfiqlik münasibətlərini daha da dərinləşdirməkdə maraqlıdır. “Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Çoxvektorlu iqtisadi əlaqələr

Azərbaycanla Özbəkistan arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq ölkələrimiz arasında iqtisadi əlaqələr də davamlı olaraq genişlənir. Bu əlaqələr çoxvektorludur.  Nəqliyyat sektoru iki dost dövlət arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir. Azərbaycan və Özbəkistan Transxəzər marşrutunda mühüm məkanları təşkil edirlər. Şübhə yoxdur ki, ölkəmizin nəqliyyat imkanlarının genişlənməsi Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək.

İki ölkə arasında ticarət dövriyyəsinin getdikcə artması məmnunluq doğurur. Bu ilin ilk beş ayında Özbəkistanla ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədə çox artaraq 200 milyon dolları ötüb. Təbii ki, bu göstərici imkanlardan xeyli aşağıdır. Buna görə də iki dost ölkə öz aralarında ticarət dövriyyəsinin artırılması barədə razılığa gəliblər. Yeri gəlmişkən, səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə kompleks tədbirlərin və layihələrin formalaşdırılması və həyata keçirilməsinin təmin edilməsi üzrə Fəaliyyət Planı”nı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov mübadilə ediblər. İqtisadi sahədə əlaqələrin müxtəlif sektorları əhatə etdiyinə diqqət çəkən Prezident İlham Əliyev  sahə nazirlərinin qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətləri üzrə hesabatlarının dinlənildiyini, həm əmtəə dövriyyəsinin, həm də qarşılıqlı investisiyaların həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətinin bir daha ali səviyyədə təsdiqləndiyini bildirib.

Birgə icra olunacaq investisiya layihələri

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu vasitəsilə aparılan səmərəli işbirliyinin böyük perspektivləri var. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” saziş 2023-cü il fevralın 24-də Daşkənd şəhərində imzalanıb və hər iki ölkənin dövlət başçıları tərəfindən təsdiqlənib. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti Azərbaycanda və Özbəkistanda, eləcə də üçüncü ölkələrdə investisiya layihələrinin gerçəkləşdirilməsinə hesablanıb.

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin hazırda 10-dan çox layihəsi var. Fondun xətti ilə müxtəlif sahələri əhatə edən bir sıra perspektivli layihələrin icrasına start verilib. Azərbaycan və Özbəkistan pambıq klasteri layihəsi çərçivəsində 2 min hektar sahədə əkin aparıb. Bu rəqəmin 6 min hektara çatdırılması planlaşdırılır. Ölkələrimiz avtomobil sənayesi sahəsində də əməkdaşlığı davam etdirirlər. Artıq birgə müəssisədə 9 min ədəd “Chevrolet” markalı avtomobil istehsal edilib ki, bu da “Made in Azerbaijan” və “Made in Uzbekistan” brendlərini gücləndirir. İndiyədək turizm və hotel biznesi sahəsində yaxşı əməkdaşlıq təcrübəsi qazanılıb. Hazırda Azərbaycan şirkəti tərəfindən Daşkənddə dəyəri 300 milyon ABŞ dolları olan hotelin tikintisi uğurla davam etdirlir. Birgə investisiya layihələrinin daha çox olacağının anonsunu edən Prezident İlham Əliyev vurğulayıb : “...İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir və əminəm ki, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Bu da bizim niyyətimizi əks etdirir, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğundur”.

Mübariz FEYİZLİ

Seçilən
6
3
yeniazerbaycan.com

10Mənbələr