Almaniyanın “Bild” nəşri öz mənbələrinə istinadən xəbər verir ki, ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırması bu ölkəyə ciddi təsir göstərib və Almaniya siyasi dairələrində narahatlıq yaradıb.
Məqalədə qeyd olunur ki, hələ də müəyyən ümidlər mövcuddur – xüsusilə Almaniya hökuməti ilə ABŞ Prezidenti Donald Tramp arasında gizli razılaşmanın mövcud ola biləcəyi iddia olunur.
“Bild”in yazdığına görə, ən kritik problemlərdən biri Ukraynanın Rusiya raketlərini vurmaq üçün istifadə etdiyi Patriot hava hücumundan müdafiə sistemləri ilə bağlıdır. Bu sistemlər həm mülki əhalini, həm də strateji əhəmiyyətli infrastruktur obyektlərini – o cümlədən elektrik stansiyalarını – qorumaq üçün həyati əhəmiyyət daşıyır.
Mənbələr bildirir ki, Ukraynanın istifadəsində olan altı “Patriot” kompleksi effektiv müdafiə üçün kifayət etmir. Əgər ələ keçirici raketlər tükənərsə, Rusiyanın hava hücumları daha dağıdıcı və ölümcül ola bilər.
//Samir Qurbanov, Editor.az