
Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavini, general-mayor Mixail Qudkov Ukrayna ordusunun raket zərbəsi nəticəsində ölüb.
Musavat.com politoloq Şahin Cəfərliyə istinadən xəbər verir ki, hadisə iyulun 1-də baş verib: “Rusiya dəniz piyadalarının Kursk vilayəti ərazisindəki qərargahına Ukrayna ordusu tərəfindən dəqiq zərbə endirilib. Nəticədə həmin vaxt orada olan Mixail Qudkov və daha bir neçə yüksək rütbəli zabit ölüb”.
Əvvəl 155 saylı dəniz piyadaları briqadasının komandiri olan "Rusiya qəhrəmanı" M.Qudkov mart ayında Putin tərəfindən Hərbi Dəniz Donanmasının baş komandan müavini təyin olunmuşdu. O, müharibə başlayandan bəri öldürülən ən yüksək vəzifəli Rusiya hərbçilərindən biridir.
Qeyd edək ki, Rusiya rəsmi şəkildə Qudkovun öldürüldüyünü etiraf edib. Primorye qubernatoru Oleq Kozemyako Telegram kanalında bu barədə yazıb: "Kursk vilayətində həlak olan Mixail Qudkovun, Nəriman Şıxəliyevin və bütün digər hərbçilərin ailələrinə, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı verirəm. Qvardiya general-mayoru, Rusiya Qəhrəmanı, Primorye Qəhrəmanı, Rusiya Hərbi Dəniz Qüvvələrinin Ali Baş Komandanının müavini əsgər yoldaşları ilə birlikdə zabitlik borcunu yerinə yetirərkən həlak olub. Komandirlə birlikdə onun sadiq yoldaşı və ortaq dostumuz Nəriman Şıxəliyev də həlak oldu. Əsl dəniz piyadaları, əsl zabitlər. Döyüşçü olmaq əbədi yaşamaq deməkdir".