ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT/ECO) 17-ci sammiti Xankəndi şəhərində keçiriləcək. Bu gün və sabah İƏT-ə üzv ölkələrin liderləri Qarabağda bir araya gələcək.
Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin qarşılıqlı əlaqələri get-gedə dərinləşməkdədir:
"Azərbaycan daim üzv olduğu beynəlxalq təşkilatların funksionallığını artırmağa çalışır. Beləliklə, Azərbaycan üzv olduğu təşkilatların hərəkətverici qüvvəsinə çevrilir. Türk Dövlətləri Təşkilatında da, İqtisadi Əməkdaşlık Təşkilatında da belədir. Qoşulmama Hərəkatına rəhbərlik edərkən də Azərbaycan təşkilatı hərəkətə gətirməyi bacardı. Artıq Azərbaycanın olduğu regional beynəlxalq təşkilatlar Azərbaycanın potensialını görür və yüksək qiymətləndirirlər. Ölkəmiz yeni bir ilkə imza atır. İlk dəfədir ki, İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin Qadınlar Forumunun Laçında tədbiri keçirilir. Gənclər qolunun görüşü Ağdamda, liderlərin zirvə görüşü Xankəndidə keçiriləcək. Düşünürəm ki, bunun hər şeydən öncə rəmzi əhəmiyyəti var. Dünənə qədər İqtisadi Əməkdaşlıq Təşkilatı keçirilən tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında bəyanatlar verirdisə, bu gün İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan liderlər işğaldan azad olunmuş torpaqlarımızda görüşə gəlirlər".
Deputat qeyd etdi ki, bu özü-özlüyündə çox böyük nailiyyətdir.
"Əzilən, beynəlxalq siyasətdə sıxışdırılan, islamofobiyaya məruz qalan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr üçün bu qələbənin həzzini yaşamaq, müsəlman ölkəsinin öz hüquqlarını qorumasını görmək üçün onların Xankəndiyə gəlməsi əhəmiyyət kəsb edir. Bu, sadəcə iqtisadi tədbir deyil, həm də şübhəsiz ki, mühüm bir siyasi tədbirdir. Nəticə etibarilə, bu, Azərbaycanın nüfuzunun göstəricisidir. Tədbir çox mühüm əhəmiyyətlidir. Hər iştirakçı ölkəyə dividendlər qazandıracaq", - deyə H.Babaoğlu vurğuladı.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bildirdi ki, tədbirin ölkəmizdə keçirilməsi xüsusi əhəmiyyətə malikdir.
"Bütövlükdə tədbirin keçirilməsi Azərbaycanın həqiqətlərinin təbliğinə öz töhfəsini verəcək. Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda öz fəal mövqeyi və əməkdaşlığı ilə seçilir. Bu tədbir də bu prosesə öz töhfəsini birmənalı olaraq verəcək. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun güclənməsinə, inam və etimadın artmasına səbəb olacaq".
Millət vəkili əlavə etdi ki, ölkəmiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir:
"Bu da növbəti beynəlxalq tədbirdir ki, Azərbaycan ona rəhnərlik edir. Tədbirlərin Qarabağda, Şərqi Zəngəzurda keçirilməsi isə ayrıca əhəmiyyətlidir. Əhəmiyyət ondan ibarətdir ki, biz Qarabağı qurmaqla bərabər, Qarabağ, Şərqi Zəngəzur konfrans və tədbirlərin keçirildiyi məkana çevrilib. Bu özü də önəmli məsələdir".
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.
Aytəkin TOFİQQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.