Almaniya federal hökuməti uşaq bağçalarında təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni qanun qəbul edib.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata əsasən, “Kita Keyfiyyəti Qanunu” (Kindertagesstätten Qualitätsgesetz) adlanan bu sənəd çərçivəsində 2025 və 2026-cı illər ərzində ümumilikdə 4 milyard avro vəsait ayrılacaq.
Qanunun əsas hədəfləri aşağıdakılardır:
Təcrübəli tərbiyəçi və pedaqoqların cəlb edilməsi,
Uşaq və personal nisbətinin balanslaşdırılması,
Erkən yaşda dil bacarıqlarının inkişaf etdirilməsi üçün xüsusi proqramların tətbiqi.
Rəsmi açıqlamaya əsasən, bundan sonra hökumətin diqqət mərkəzində valideynlərin bağça ödənişlərinin azaldılması deyil, tədris heyətinin gücləndirilməsi dayanacaq.
Beləliklə, Almaniya uşaq bağçalarında həm tədrisin, həm də sosial mühitin keyfiyyətini yüksəltməyi qarşısına məqsəd qoyub.
Ekspertlər bu addımı PISA nəticələrinin zəifləməsi fonunda təhsildə struktur islahatların bir hissəsi kimi dəyərləndirirlər.