AZ

“Zirvə görüşü Qarabağın iqtisadi potensialının beynəlxalq nümayişidir” – Əli Mustafa – ÖZƏL

"İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə toplantısının  Azərbaycanda, xüsusilə də Xankəndində keçirilməsi çox əlamətdar bir hadisədir".

Bu sözləri siyasi şərhçi  Əli Mustafa Olaylar.az-a açıqlamasında deyib. O qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının formalaşdırdığı bu birlik regionda yeni güc mərkəzinin və çoxqütblü nizamın iqtisadi bazasını yaradır:

"Bu təşkilat bu gün dünyanın bir sıra iqtisadi güclərini bir araya gətirir - bildiyim qədərilə onadək dövləti əhatə edir. Türkiyə, İran, Pakistan, türk dövlətləri və Əfqanistan kimi ölkələrin iştirakı bu formatın region üçün strateji əhəmiyyətini artırır. Belə bir birlik regionda yeni kommunikasiya modelinin, regional güc mərkəzinin formalaşması üçün mühüm addımdır.Hazırda dünyada çoxqütblü bir sistemin yaranması reallığı mövcuddur. Belə bir şəraitdə bu formatda əməkdaşlıq, xüsusilə də iqtisadi birlik, bölgəmizin gələcək siyasi və iqtisadi arxitekturasının əsas bazasını, çərçivəsini formalaşdırır".

Siyasi şərhçi vurğulayıb ki, Zirvə görüşünün Xankəndində keçirilməsi Azərbaycanın suverenliyinin nümayişi və region dövlətlərinin diqqətini Qarabağa yönəltməyin simvolik addımıdır.

"Zirvə görüşünün Azərbaycanda keçirilməsi, özü də məhz Xankəndində baş tutması isə xüsusi simvolik məna daşıyır. Xankəndi ötən il işğaldan azad olunub və qısa müddət ərzində orada müəyyən bərpa və quruculuq işləri aparılıb. Bütün bu proseslərin fonunda Xankəndi hələ də xüsusi mahiyyətə malikdir.
Tədbirin burada keçirilməsi dünyaya bir daha açıq mesaj verir: Azərbaycan Qarabağa tam nəzarət edir, ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edib. Digər tərəfdən, Qarabağ coğrafi baxımdan İran, Türkiyə və Ermənistanla həmsərhəd bölgədir. Bu baxımdan da tədbirin məhz burada keçirilməsi regionun aparıcı dövlətlərinin - xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri olan İran və Türkiyənin diqqətini bu əraziyə yönəltmək baxımından əhəmiyyətlidir".

Əli Mustafanın sözlərinə görə, Xankəndində keçirilən zirvə görüşü Qarabağın iqtisadi potensialını tanıtmaq, xarici sərmayəni cəlb etmək və Azərbaycanın suverenliyini dünyaya nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

"Qarabağ böyük iqtisadi layihələr üçün əlverişli məkandır. İqtisadi Əməkdaşlıq Təşkilatı iqtisadi əlaqələrin gücləndirilməsini hədəfləyir. Bu baxımdan üzv dövlətlərin Xankəndində olması, ərazini birbaşa görməsi Azərbaycan xalqının 30 il ərzində çəkdiyi əzabları, itkiləri daha yaxından anlamağa şərait yaradır.
Eyni zamanda, tədbir Qarabağın gələcəkdə iqtisadi əməkdaşlıq üçün potensial platforma kimi təqdim olunmasına, xarici sərmayənin cəlb olunmasına xidmət edir. Bu aspekt tədbiri Azərbaycan üçün daha da əhəmiyyətli edir.
Hesab edirəm ki, Xankəndində keçirilən bu zirvə görüşü İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətləri üçün bölgəyə investisiya yatırmaq baxımından da yeni imkanlar yaradır. Xüsusilə də bu günlərdə Rusiyada azərbaycanlı miqrantlara qarşı artan təzyiqlər və zorakılıqlar fonunda ölkəmizdə yeni iş yerlərinin yaradılması və iqtisadi inkişaf daha da ön plana çıxır.
Azərbaycanın iqtisadi inkişafı və məşğulluq məsələlərinin həlli üçün məhz bu cür beynəlxalq əməkdaşlıqlar və sərmayə imkanları çox vacibdir. İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlərinin Azərbaycana sərmayə yatırması, bu işlərdə yaxından iştirak etməsi ölkənin daxili bazarının canlanmasına, regionun bərpasına və dayanıqlı iqtisadi inkişafına töhfə verə bilər.
Azərbaycan böyük iqtisadi imkanlara və potensiala malikdir və bu imkanların mühüm hissəsi məhz Qarabağda reallaşdırıla bilər. Xankəndinin bu tədbirə ev sahibliyi etməsi həm siyasi, həm də diplomatik baxımdan olduqca əhəmiyyətlidir. Bu, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması baxımından mühüm bir addımdır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
24
olaylar.az

10Mənbələr