AZ

Meşə yanğınları: Azərbaycanda risklər varmı?

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zaman-zaman dünyanın müxtəlif ölkələrində meşə yanğınları baş verir. Bu yanğınlar ətraf mühitə böyük ziyan vurur. Bu ilin yanvar ayında ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhəri ətrafında güclü meşə yanğını olub. Həmçinin qardaş Türkiyədə də son illər meşə yanğınları intensiv xarakter almağa başlayıb. Xüsusən də yay ayları zamanı Türkiyədə yanğınlar daha da çoxalır. Ötən günlərdə də Türkiyənin İzmir, Hatay, Balıkesir, Antalya, Mersin və digər bölgələrində meşə yanğınları baş verib. Bu yanğınların bəzisi söndürülsə də, çoxu ilə bağlı söndürülmə işləri hələ də davam edir.

Ümumiyyətlə, meşə yanğınları ilə bağlı qeyd edilir ki, insan faktoru bu yanğınlara səbəb olan əsas amillərdəndir.

Bəs Azərbaycanda meşə yanğınları ilə bağlı risklər varmı?

“Xalq Cəbhəsi” bu istiqamətdə ekoloqların fikirlərini öyrənib.

“Meşələr əhəmiyyəti saymaqla bitməz”

Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli meşələrin ekosistemin çox vacib bir parçası olduğunu vurğulayıb: “Təsadüfi deyil ki, meşələri planetimizin ağciyərləri adlandırırlar. Meşələr tənəffüsümüzü oksigenlə zənginləşdirir, nəfəs aldığımız havanı tozdan, zəhərli qazlardan təmizləyir. Ağac, kol növləri var ki, xəstəlik törədən mikroorqanizmləri məhv edir. Torpaqları eroziyadan qoruyan, su ehtiyatlarının tükənməsinin qarşısını alan, havanı sanitariya-gigiyena baxımından saflaşdıran meşələrin əhəmiyyəti saymaqla bitməz. Bu baxımdan meşə sahələrinin, yaşıllıqların qorunması insan övladı üçün həyati əhəmiyyətlidir”.

“İnsanlar meşələrin önəmini anlamır”

.Cəfərli təəssüflə qeyd edib ki, insanlar bəzən meşələrin önəmini anlamır və məsuliyyətsiz hərəkətlər edirlər: “Bu hərəkətlər meşə sahələrinin məhv olmasına gətirib çıxarır. Son illər dünyada və eləcə də ölkəmizdə güclü meşə yanğınları baş verib. Meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük ziyan vurur. Dünyada ən böyük meşə yanğını 1825-ci ildə Kanadanın Nyu-Brunsvik əyalətində baş verib. Nəticədə 1 milyon 2 yüz min hektar ərazi tamamilə məhv olub. 2007-ci ildə Yunanıstanda 271.350 hektar, 2009-cu ildə Avstraliyada 450.000 hektar, 2010-cu ildə Rusiyada 500.000, Boliviyada 25.000 hektar yanaraq külə dönüb”.

Əsas səbəb antropogen amillərdir”

O, meşə yanğınlarının müxtəlif səbəbləri olduğunu bildirib: “Təbii fəlakətlər, müxtəlif təbiət hadisələri: vulkan püskürməsi, zəlzələ, torpaq sürüşməsi, ildırım çaxması meşə yanğınlarına səbəb olur. Bundan başqa quraqlıq, yağıntıların normadan az düşməsi, havaların isti keçməsi də meşə yanğınlarına zəmin hazırlayır. Havaların çox isti keçməsi ilə əlaqədar yabanı otlar quruyur və meşələr, yol kənarında əkilmiş ağaclar üçün ciddi yanğın təhlükəsi yaradır. Məsələn, bu ilin yanvar ayında ABŞ-də baş vermiş meşə yanğınlarının səbəbi quraqlıq olmuşdu. Son 6 ayda bölgəyə yağıntı az düşmüş, meşələrdə quru budaqlar, ot örtüyü çoxalmışdı. Bu isə adi qığılcımdan böyük yanğının törənməsinə şərait yaradır. Lakin meşə yanğınlarının əsas səbəbi antropogen amillərdir. Yanğın əsasən piknik yerlərinə yaxın ərazidə meydana gəlir. Yemək hazırlamaq, çay isitmək, kabab bişirmək üçün qalanan ocaqlar tam söndürülmür. Nəticədə külək kül içində qalmış köz parçalarını, kösövü quru otların üzərinə atır və yanğın baş verir”.

“Önləyici tədbirlər görmək lazımdır”

E.Cəfərlinin sözlərinə görə, meşə yanğınları avtomobillərin tüstü yerindən çıxan qığılcımdan, yoldan keçən insanların atdığı siqaret kötüklərindən də əmələ gələ bilər: “Bu üzdən meşələrə həssas yanaşmaq və önləyici tədbirlər görmək lazımdır. Onsuz da Azərbaycanın meşə sahəsi çox azdır. Qalanın da qədrini bilməliyik. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 30 il erməni talanları baş verib. Meşə zonalarımız məhv edilib, ağaclar kəsilib, ekosistemə böyük ziyan vurulub, nadir ağaclar oduncaq sənayesinə qurban verilib. İndi həmin bölgədə böyük tikinti-quruculuq işləri ilə yanaşı, meşəsalma da həyata keçirilir. Lakin bu işlər uzun sürəcək. Ona görə də mövcud resursları işbazlardan və yanğından qoruyub saxlamalıyıq. Yaxşı olar ki, əsas yollar meşələrdən kənarda salınsın. Meşənin yaxınlığından keçən yollar isə xüsusi daş zolaqlarla ayrılmalıdır. Daşlar düzülmüş zolaqlar nəmişliyi saxlayır, yanğın riskləri aşağı düşür. Meşələrə nəzarət sistemi yenilənməli, müasir texnologiyalar tətbiq edilməlidir. Piknik zonalarına təhlükəsizlik qaydaları yazılmış iri banerlərin asılması vacibdir. Televiziyalarda maarifləndirici süjetlər, sosial-çarxlar yayımlansa yaxşı olar. Meşələrin, canlı aləmin gənc nəslə sevdirilməsi işi erkən yaşlardan başlanmalıdır. İnsanlar kiçik yaşlarından ümumxalq sərvəti olan meşələrin qorunması, təbiətə məhəbbət ruhunda tərbiyə olunmalıdırlar”.

“Risklər hər zaman var”

“Eko-Aləm” İctimai Birliyinin sədri Sevil Yüzbaşeva qeyd edib ki, yanğınla bağlı risklər hər zaman hər yerdə var: “Özü də bizim kimi mühafizəsi yox dərəcədə olan meşələrimizdə. Meşə yanğınlarının ilk düşməni siqaret kötüyü və meşələrdə qurulan ocaqlardır. Quşların gözləri yaxşı görür və onların yuvası ağacların təpəsindədir və çoxu yuvalarını quru çöplərdən tikirlər. İnsanlar da siqareti çəkib yerə atırlar. Siqaretin közü, o işıltı, qığılcım quşları cəlb edir və onlar siqaretin kötüyünü götürüb yuvalarına aparırlar. Sönməmiş həmin kötüyə meh vurduqca yuvadakı quru çöplər közərməyə başlayır. Beləliklə, bunun nəticəsində birdən-birə böyük yanğınlar çıxır. Bu risk hər zaman var. Meşələrimizi qorumalıyıq. Eləcə də meşələrimizə hücumlar çoxdur, ağacları çox qırıb-dağıdırlar. İndi demək olar ki, qiymətli ağaclardan olan palıd ağacları çox böyük təhlükə qarşısındadır. Mən keçən il ağaclarla bağlı monitorinq keçirdim, demək olar ki, yaşlı palıd heç qalmayıb. Qax bölgəsində bildirdilər ki, artıq bizim ərazimizdə yaşlı palıda rast gəlinmir. Ümumiyyətlə, palıd ağacı çox təhlükə qarşısındadır”.

“Maarifləndirmə aparılmalıdır”

S.Yüzbaşeva maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu deyib: “Meşə ərazisinə istirahətə gələn insanlara mütləq təlimat verilməlidir ki, yandırdığınız ocağı söndürməmiş oradan çıxmayın. Meşədə ocaq yandırmaq üçün xüsusi manqallar da qoyulmalıdır, harada gəldi ocaq yandırılmamalıdır. Ağacın altında yanan ocaq həm ağaca ziyan vurur, həm də onu söndürmürlər və o yavaş-yavaş yanğına səbəb ola bilir. İndi hava istidir və yol kənarında çoxlu quru otlar var. Maşınlarla keçən insanlar çəkdikləri siqareti maşının pəncərəsindən küçəyə atırlar. O da həmin quru kolların üstünə düşür və birdən-birə böyük bir yanğının çıxmasına səbəb olur. Bu, təhlükəli haldır. Mütləq və mütləq əhali arasında güclü maarifləndirmə aparılmalıdır.

“Meşələr bizim ağciyərimizdir”

Aqrar elmlər üzrə fəlsəfə doktoru, ekoloq Ənvər Əliyev yanğınların meşələrə çox ziyan vurduğunu bildirərək qeyd edib ki, meşə yanğınları ən çox Afrikada, Avstraliyada olur.

Ekoloq əlavə edib ki, meşə yanğınları adətən yay aylarında baş verir: “Azərbaycan ərazisində ən çox meşə yanğınları iyul-avqust aylarında olur. Bu yanğınlara səbəb 90 faizə qədər insan faktorudur. Meşələrdə bəzən siqaret, söndürülməmiş ocaq, bəzən təbii olaraq adi bir şüşə qırığı günəşin şüası nəticəsində qızır və yanğına səbəb olur. Meşə yanğınlarının qarşısını almaq üçün meşəyə gedən insanları və ya kənar ərazidəki kəndlərdə yaşayan insanları mütləq təlimləndirmək, maarifləndirmək lazımdır. Əgər meşələrimizə normal qulluq olunsa, yəni oradakı yaşlı, qurumuş ağaclar sıradan çıxarılsa, götürülsə ,yəqin ki, yanğınlar az olar. Yaxşı olar ki, meşə yanğınlarından sonra ağaclar əkilsin və meşələr tam şəkildə bərpa olunsun. Çünki meşələr bizim ağciyərimizdir”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
19
icma.az

10Mənbələr