Rusiyanın siyasəti bu ölkənin Cənubi Qafqazda mövqeyinin sürətlə zəifləməsinə gətirib çıxarmaqdadır. Kreml hələ də Gürcüstan ərazilərini işğal altında saxlayır. Bundan başqa, Moskva Azərbaycanla da münasibətlərini korlayır. Ermənistan da sürətlə Rusiyanın orbitindən uzaqlaşmaqda davam edir.
Proseslərin gedişi göstərir ki, mövcud vəziyyətdə Rusiya daha da azğınlaşaraq regionda mövqeyini qorumaq üçün Ermənistana qarşı gücə əl atsın. Erməni politoloq Stepan Danielyan qeyd edir ki, indi Ermənistanda açıq-aşkar Ukrayna ssenarisi oynanılır: “Artıq illər əvvəl deyilmişdi ki, ağlını itirmiş birisi kiçik Ermənistanı geosiyasi toqquşmanın səhnəsinə çevirib. Bizim insan və ərazi resurslarımız belə bir mübarizədən dövlətçiliyi itirmədən çıxmağa imkan vermir. Ölkədə açıq-aşkar Ukrayna ssenarisi oynanılır. Beynəlxalq oyunçuların bəyanatlarını izləyin, hər şey açıq şəkildə edilir. Təsadüfi deyil ki, kimlik dəyişikliyinin ən həssas hədəfi – kilsə seçilib. Necə ki, Ukraynada da belə olmuşdu. 2008-ci ilə qədər bizim strategiyamız balansı qorumaq və bu oyunlardan uzaq durmaq idi. 2008-ci ildən etibarən passiv, 2018-dən isə aktiv şəkildə biz başqalarının oyunlarında istifadə olunurq. Hazırda həyata keçirilən ssenari ən pisidir və bu, təsəvvür etməkdə belə çətin olan bir gedişdir. Ermənistan qurban masasına qoyulub”. Elə bu fonda Rusiyadan hədələr də artır. Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə IV departamentinin rəhbər müavini Dmitri Masyuk bildirib ki, Ermənistan tez-tez öz milli maraqlarına ziyan vuraraq Qərbə istiqamətlənir: “Xüsusilə bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlıqdan uzaqlaşmağa aiddir. Ermənistandakı qərblilərin destruktiv təsirini hiss edirik. Dərin təəssüf hissi ilə qeyd etməliyik ki, bu Cənubi Qafqaz respublikasında bu dəyişikliklərə güclü müqavimət göstərilmir və tez-tez öz milli maraqlarına ziyan vuraraq Qərbə istiqamətlənməyə davam edirlər. Konkret nümunə - İrəvanın KTMT ilə əməkdaşlıqdan uzaqlaşmasıdır”. Məhz belə bir vaxtda Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkə ərazisində Rusiya telekanallarının yayımının dayandırılması mümkünlüyündən danışıb: “Hesab edirəm ki, biz Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması məsələsini çox ciddi şəkildə müzakirə etməyə başlamalıyıq. Bu, Ermənistan-Rusiya münasibətlərinə ziyan vurur. Əgər dövlət telekanalları özlərində Ermənistanın daxili işlərinə qarışmaq ixtiyarı görürlərsə, biz də reaksiya verməli və ən azı, onların vətəndaşlarımızın mənzillərinə girişini bağlamalıyıq. Ölkəmizdə bu manqurtların proqramları da, onların ölkəyə girişi də çoxdan bağlanıb. Lakin onların dövlət kanalları özlərində Ermənistanın daxili işlərinə qarışmaq hüququ görürsə, bəlkə biz də onların vətəndaşlarımızın mənzillərinə girişini bağlamalıyıq”. O, rusiyalı aparıcıları Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərərək atmosferi gərginləşdirən “degeneratlar” adlandırıb.
Simonyan izah edib ki, Ermənistanda vəziyyətin Rusiya ilə münasibətlərə təsir etdiyini deyən hər kəs açıq-aşkar onların aparıcılarını dinləyir: “Həbs edilmiş erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanı dəstəkləyən və özlərini onun dostları adlandıran hər kəs isə, böyük ehtimalla ondan zərflərdə pul alıb”. Simonyan sosial şəbəkə hesablarında rus dilində yenidən bu mövzuya toxunub: “Ermənistanda rus televiziya kanallarının yayımının dayandırılması məsələsini ciddi şəkildə müzakirə etməyin vaxtıdır" bəyanatı ilə bağlı rusiyalı həmkarlarımın reaksiyalarını oxuyarkən, istər-istəməz özümə sadə, amma vacib bir sual verirəm: Görəsən bu hörmətli insanlardan heç biri özünə sual vermir ki, niyə? Yoxsa kiməsə elə gəlir ki, “Qərb qurumlarının təsiri”, “insan hüquqlarının pozulması” və “Rusiya ilə Ermənistan arasında olan əsrlik dostluğun hansısa qüvvələr tərəfindən məhv edilməsi” kimi əzbərlənmiş ifadələri təkrar-təkrar səsləndirməklə, yenə xaç çıxartmaq, Ukraynanı yada salmaq və bu köhnə, çoxdan köhnəlmiş rezin lentə oxşar ritorikanı Ermənistan kontekstinə tətbiq etmək mümkündür? Əslində isə heç nə və heç kimi axtarmağa ehtiyac yoxdur. Günahkar uydurmağa lüzum yoxdur, sadəcə televizoru açmaq kifayətdir. Çünki “Rusiya-Ermənistan münasibətlərini korlamaq məsələsi”ni həll edənlər nə Qərb kəşfiyyat agentlikləri, nə mifik casuslar, nə də QHT-lərdir, bunu edənlər müəyyən rus dövlət televiziyaları, jurnalistlər və redaktorlardır. Belə ki, rus dövlət televiziyaları Ermənistanın seçilmiş rəhbərliyini ən təhqiramiz sözlərlə, bəzən açıq-aşkar ədəbsizliklə təhqir edirlər; sistemli şəkildə Ermənistan cəmiyyətini öz hakimiyyətinə qarşı qaldırırlar, bizim hakimiyyətimizin birbaşa və azad seçkilərlə seçildiyini unudurlar; Ermənistanın suverenliyini, müstəqilliyini və hətta mövcudluğunu şübhə altına alırlar; etirazlara çıxmağa çağırırlar, tarix, saat və yer göstərirlər, faktiki olaraq mövcud konstitusiya quruluşuna qarşı çıxırlar; öz ölkəsinin qanunlarını yerinə yetirən erməni hüquq-mühafizə orqanlarının əməkdaşlarını açıq şəkildə qınayırlar; siyasi proseslərdən tutmuş milli simvollara qədər Ermənistanın daxili həyatının bütün sahələrinə müdaxilə edirlər. Mən Moskvalı həmkarlarıma təklif edirəm ki, heç olmasa bir dəqiqəlik əks vəziyyəti təsəvvür etsinlər: Görəsən nə deyərdiniz, əgər Ermənistanın dövlət televiziyaları – aparıcıları Rusiya prezidentini və rəhbərliyini təhqir etsəydilər; Rusiya Federasiyasının ərazi bütövlüyünü müzakirəyə çıxarsaydılar və "Rusiya mövcud olmamalıdır" deyə bəyan etsəydilər; xüsusi hərbi əməliyyatla bağlı reportajlar yayımlayaraq, Rusiya ordusunun fəaliyyətini tənqid etsəydilər; Rusiya vətəndaşlarına qarşı başlanmış cinayət işlərini təhlil etsəydilər? Bəli, bəli, hörmətli siyasətçilər, senatorlar, televiziya aparıcıları, deputatlar, şərhçilər və publisistlər. Beləliklə, adi klişelərdən və “ovsunçu ovları”ndan yapışmaq əvəzinə, nəhayət özünüzə bir, amma səmimi sual verməyə çalışın: Niyə? Və kim yox. Bu dayanmalıdır.
Ya siz bunu dayandıracaqsınız, ya da biz bunu edəcəyik”. Məsələ ilə bağlı “armenianreport” portal yazır: “Hamımız gördük ki, Rusiya Ermənistanda dövlət çevrilişi hazırlayır. Bu, səs-küylü ittiham deyil - bu, konkret rəqəmlər və hərəkətlərlə dəstəklənən faktdır. Bu planların əsas alətlərindən biri Kremlin birbaşa işlədiyi oliqarx Samvel Karapetyan idi. Lakin bu planlar puça çıxdı. Ermənistan dövləti öz “müttəfiqinin” bütün çirkin oyunlarına baxmayaraq, sağ qaldı. Rusiyanın hazırkı “narahatlığı” postsovet məkanında təsirini itirməkdə olan siyasi rejimin əsəb pozğunluğundan başqa bir şey deyil. Ermənistan həqiqi suverenlik və real müttəfiqlərin xeyrinə seçim edir. Biz KTMT-ni rədd etmirik - yalanları, xəyanəti və “qardaşlıq” adı altında imperiya ambisiyalarını rədd edirik. Təəccüblüdür ki, nə qədər həqiqətləri səsləndirməliyəm! Amma məsələ ondadır ki, Kreml aşkar olanı anlamaq istəmir. Bu və ya digər şəkildə Kreml istədiyi qədər təhdid və şikayətlər səsləndirə bilər. Artıq fərqi yoxdur. Bizə Rusiya və ya KTMT kimi “müttəfiqlər” lazım deyil. Ermənistanın gələcəyi postimperiya ittifaqlarından kənardadır. Putinin Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamaq üçün “bəhanə” kimi səsləndirdiyi məqamların heç biri yerinə yetirilməyəcək. Eyni zamanda, Rusiya bir milyondan çox hərbi qulluqçusunu məhv edib. Qara dəniz donanmasının gücünü puç edib, çoxlu təyyarələrini itirib, indi hətta Şimali Koreyadan da silah və “top yemi” dilənir.
Belə müttəfiqlər heç kimə lazım deyil. O cümlədən rus xalqı, bu ölkənin vətəndaşlarına da lazım deyil. Bir çox ruslar bugünə qədər öz ölkələrinin bütün cinayətlərinə dəstək verir. Amma xatırlayırıq ki, Hitler Almaniyasının sakinləri də bu ölkənin məğlubiyyəti zaman məsələsinə çevrilənə qədər fürerə dəstək verirdilər. Eyni şey Putin Rusiyasını da gözləyir”.
Ramil QULİYEV