AZ

Universitetlərdə rus dili: “Nazirlikdən gələcək hər hansı göstərişə uyğun olaraq...”

Azərbaycanda rusdilli məktəblərin bağlanması, yaxud ödənişli əsasa keçirilməsi, habelə ali təhsil müəssisələrində rus dili ilə tədrisin ləğvi ilə bağlı coşqulu müzakirələr gedir. Elm və Təhsil Nazirliyi bu müzakirələrin əsassız olmasına dair məlumat yaysa da, sosial şəbəkə və ənənəvi media mövzunu gündəmdən çıxarmır. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da Smolenskaya meydanında (XİN-in ünvanı) məsələnin izləndiyini bildirib.

Azərbaycanda rus bölmələrinin fəaliyyəti: vəziyyət necədir?

Universitetlərdə rus dilində təhsil alan bölmələrin fəaliyyəti ilə bağlı vəziyyət müxtəlifdir. Mütəxəssislər və rəsmi mənbələr bildirirlər ki, bəzi universitetlərdə rus bölmələri aktiv olaraq fəaliyyət göstərir, digərlərində isə qismən fəaliyyət müşahidə olunur. Dördpendirli pizza

Azərbaycan Slavyan Universiteti (ASU) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) rus dilində tədris üzrə fəal bölmələrə malikdir. Bu universitetlərdə rus dilində ixtisaslar davamlı olaraq təklif olunur və tələbə qəbulu aparılır.

Digər tərəfdən, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) kimi ali təhsil müəssisələrində rus bölmələri qismən fəaliyyət göstərir. Bu ali məktəblərdə rus dilində tədris müəyyən ixtisaslar üzrə mövcuddur, lakin son illərdə bu bölmələrin fəaliyyəti məhdudlaşmaqda və azalmaqdadır.

Proses ümumilikdə dövlətin ali təhsildə dil siyasətinin tələblərinə uyğun olaraq həyata keçirilir və gələcəkdə də vəziyyətə uyğun addımlar atılacaq. Rəsmi qurumlar həmin istiqamətdə veriləcək göstərişlərə əsasən, universitetlər tədris proqramlarını yenidən tənzimləyəcəklər.

Bakı Dövlət Universiteti (BDU)

BDU-da uzun illərdir rus bölməsi fəaliyyət göstərir. Hazırda bəzi fakültələrdə (xüsusilə Filologiya, Hüquq, Jurnalistika, Tarix, Tətbiqi riyaziyyat) rus bölməsi saxlanılıb. Lakin son illərdə bəzi ixtisaslarda rus bölməsinin qəbul planı azaldılıb və ya dayandırılıb. Rəsmi olaraq rus bölməsi tam ləğv edilməsə də, mərhələli şəkildə azaldılması müşahidə olunur.

Azərbaycan Slavyan Universiteti (ASU)

ASU rus dili və ədəbiyyatına ixtisaslaşmış ali təhsil müəssisəsidir. Həm rus dilində tədris olunan ixtisaslar, həm də rus dili üzrə ixtisaslar mövcuddur. Rus bölməsi universitetin əsas struktur hissəsini təşkil edir. Tədris həm rus, həm də Azərbaycan dilində aparılır. Rusca təhsil aktiv şəkildə davam edir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)

ADPU-da bəzi fakültələrdə (xüsusilə İbtidai təhsil, Filologiya, Pedaqogika) rus bölməsi olmuşdur və bəzi ixtisaslarda hələ də saxlanılır. Amma ümumi tendensiya bu bölmələrin mərhələli şəkildə azaldılmasına və Azərbaycan dilində təhsilin gücləndirilməsinə doğrudur. Tamamilə ləğv olunmasa da, bəzi ixtisaslarda rus bölməsi üzrə yeni qəbul dayandırıla bilər.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)

ADNSU-da rus dilində tədris olunan proqramlar uzun illərdir mövcuddur. Xüsusilə texniki ixtisaslar üzrə rus bölmələri fəaliyyət göstərir. Burada rus dilli tələbələr üçün ayrıca tədris planı mövcuddur. ADNSU-da rus bölməsi hələlik saxlanılır.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU)

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində demək olar ki, bütün fakültələrdə müəyyən ixtisaslar üzrə rus bölmələri fəaliyyət göstərir. Tədrisin dayandırılması və ya buna bənzər məsələlərlə bağlı Elm və Təhsil Nazirliyindən universitetə heç bir rəsmi təlimat və göstəriş verilməyib. "Nazirlikdən gələcək hər hansı göstərişə uyğun olaraq, biz də tədris prosesimizi həmin istiqamətdə davam etdirəcəyik", - bunu universitetin mətbuat katibi Şahanə Mahmudzadə bildirib.

Rəvan Rzazadə


Telegram kanalımız
Seçilən
18
6
yenisabah.az

10Mənbələr