AZ

Odessada Azərbaycan izləri - FOTOLAR

Müharibə şəraitinə baxmayaraq, Ukraynanın bir çox şəhərlərində Azərbaycan mədəniyyətinin, tarixinin tanıdılması istiqamətində bir sıra vacib layihələr həyata keçirilir. Belə şəhərlərdən biri də Ukraynanın incisi sayılan, turistlərin sevimli məkanı olan, Qara dəniz sahilində yerləşən Odessa şəhəridir. Odessada yaşayan soydaşlarımız, diaspor fəalları bu işdə aktivlik nümayiş etdirirlər.

Odessanın vizit kartına çevriləcək “Azərbaycan” parkı

Ukraynanın Odessa şəhərində “Azərbaycan” parkının salınması üçün ilkin razılıq əldə olunub. Odessada “Birlik” Təşkilatının sədri vəzifəsini icra edən Cəlil Astanov AZƏRTAC-a açıqlamasında bildirib ki, Odessa şəhər meri Qennadi Truxanov “Azərbaycan” parkının yaradılmasına icazə verib. “Bu park odessalılar və şəhərin qonaqları üçün çox gözəl bir istirahət mərkəzi olacaq. Azərbaycanın diaspor nümayəndələri parkın yaradılmasının maliyyəsini tam olaraq öz üzərinə götürüb”, - deyə Cəlil Astanov əlavə edib.

Hazırda parkın ərazisində xüsusi texnikalar işləyir, ilkin olaraq təmizlik işləri aparılır. Parkın ərazisi 3 hektardan artıq olacaq. Parkda Azərbaycanın tanıtım muzeyi, uşaqlar üçün istirahət zonası, idmanla məşğul olmaq üçün xüsusi zona, “Azərbaycan” adı ilə fotozona və digər istirahət və əyləncə yerləri nəzərdə tutulub.

Odessa şəhər sakinləri belə bir parkın yaradılmasının əhəmiyyətini vurğulayırlar. Paralel.az xəbər verir ki, Odessa Milli İqtisadi Universitetinin professoru Mixail Zveryakov AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan diasporu tərəfindən Odessada parkın yaradılması gözəl təşəbbüsdür.

“Bu, şəhərimizin sakinləri üçün çox maraqlı hadisədir, çünki bu park Odessa sakinlərinə Azərbaycan Respublikası, onun uğurları, qəhrəmanları, bu illər ərzində Ukrayna ilə Azərbaycan arasında olan əlaqələr haqqında məlumat verəcək. Ümid edirəm ki, bu park Azərbaycan diasporunun təşəbbüsü ilə şəhərimizin bəzəyinə çevriləcək. Azərbaycan ölkəmizin etibarlı dostudur. Bu, ilk növbədə, ölkəmizlə ciddi iqtisadi əlaqələrdə özünü göstərir. Biz Azərbaycanın ölkəmizdə yaratdığı gözəl layihələri yaxşı bilirik və daha çox layihələr hazırlanır”, - deyə Mixail Zveryakov əlavə edib.

İxtisasca mühasibatçı olan şəhər sakini Yevqeniy Doyja isə açıqlamasında “Azərbaycan” parkının yaradılmasının gözəl ideya olduğunu bildirib: “Bu, Azərbaycan ilə Ukrayna arasında dostluğun simvolu olacaq. Bu, istirahət guşəsi olmaqla yanaşı, həm də şəhərimizin turistik məkanlarından birinə çevriləcək. Məsələn, bizim “Yunan”, “İstanbul” parkımız var, “Azərbaycan” parkı da əlavə olaraq şəhərimizə turist cəlb edər. Bu parkda müxtəlif tədbirlər, sərgilər, bəzi Azərbaycan milli tədbirlərinin keçirilməsi də mümkündür. Əslində biz şəhərimizin gözəlləşdirilməsinə görə çox minnətdarıq, bu, şəhərimizi bəzəməklə yanaşı, eyni zamanda, ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır”.

Odessada böyük məscid tikilir

Odessada Azərbaycan adına, dinimizin təbliği, inanclı insanların rahatlığı baxımından daha bir böyük layihə həyata keçirilir. Şəhərin mərkəzindən cəmi bir neçə kilometr məsafədə yerləşən Ukraynanın ən böyük məscidlərindən biri tikilir. “Birlik” Təşkilatının İdarə Heyətinin üzvü Şamil Quliyevin təşəbbüsü ilə tikilən məsciddə artıq son tamamlanma işləri aparılır.

Məsciddə kişi və qadınların namaz qılmaları, dua etmələri üçün ayrıca zallar, qonaq din xadimlərinin ailələri ilə birlikdə gecələmək üçün qonaq evi, mərasim zalı və digər yerlər olacaq. Məscidin ümumi sahəsi 2758 kvadratmetr, məscidin binasının sahəsi isə 878 kvadratmetr, “Qonaq evi”nin sahəsi isə 196 kvadratmetrdir.

“Birlik” Təşkilatının İdarə Heyətinin üzvü Ayaz Əliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Odessa vilayətində 30 mindən çox azərbaycanlı yaşayır. “Müharibə şəraitinə baxmayaraq, soydaşlarımızın Odessa şəhəri və vilayətində aktiv fəaliyyətləri mövcuddur. Bu fəaliyyətin davamı kimi hazırda “Azərbaycan” parkı salınır. Bu parkda Azərbaycanın tarixi, mədəniyyəti, milli mətbəxi təqdim olunacaq. Soydaşlarımızın ən böyük layihələrindən biri isə Ukraynanın ən iri məscidlərindən birinin tikintisidir. Bu məscid Odessada yaşayan bütün müsəlmanların xidmətinə veriləcək”.

Gəncəni Odessadan ayıran 1410 kilometrlik məsafə

Odessada Azərbaycanı tanıdan daha bir məkan isə, şəhərin mərkəzində, Odessa şəhər meriyasının binasının qarşısıdır. Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Odessa meriyasının qarşısında şəhərlərin məsafə nişanı göstərilən məkana Gəncənin adının əlavə edilməsi məsələsi bir müddət öncə müsbət həllini tapıb. Artıq dünyanın bir sıra paytaxt və iri şəhərləri arasına Odessadan Gəncəyə olan məsafəni göstərən istiqamət nişanı da əlavə edilib. Odessalılar və şəhərin qonaqları artıq bilirlər ki, Azərbaycanın tarixi Gəncə şəhərini Odessadan cəmi 1410 kilometr məsafə ayırır.

Xatırladaq ki, Gəncə və Odessa şəhərlərinin qardaşlaşmış şəhərlərdir. Bununla bağlı “Niyyətlər haqqında protokol” 2019-cu il dekabrın 17-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana rəsmi səfəri zamanı imzalanıb.

Seçilən
6
50
paralel.az

10Mənbələr