Krım Tatar Milli Məclisinin (KTMM) sədri Refat Çubarov Rusiyanın Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Azərbaycan vətəndaşlarına qarşı zorakılıq hərəkətlərinə münasibət bildirib.
Hafta.az-ın yazdığına görə, imperiya təfəkkürü ilə hərəkət edən hərbi cinayətkar dövlətin dayanmayacağını vurğulayan Çubarov açıqlamasında belə deyib: “Bəs indi Azərbaycan? Əvvəllər Çeçenistan, Gürcüstan... Amma bu məxluq Ukraynada büdrədi... Ancaq Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan mümkün qədər tez oyanmalıdır, əks təqdirdə hər şeyi itirəcəklər. Unutmayaq ki, küsmüş canavar sağalmaz, onu məhv etmək lazımdır”.
Qeyd edək ki, iyunun 27-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburqda azərbaycanlıların evlərində 25 il əvvələ aid açılmamış cinayətkarın tapılması məqsədilə keçirdiyi reyd nəticəsində 2 nəfər həyatını itirib, 9 nəfər saxlanılıb. Rusiya hüquq-mühafizə orqanlarının “əməliyyat” adı altında Azərbaycan türklərinə qarşı zorakılıq tətbiq etməsi, heç bir səbəb göstərmədən onları saxlamağa cəhd göstərməsi, iki nəfəri döyərək öldürməsi ictimaiyyətdə böyük əks-səda doğurub.