BAKI, 2 iyul. TELEQRAF
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı edilən zorakı hərəkətlər beynəlxalq hüququn, insan haqlarının ciddi şəkildə pozulmasıdır. Bu, təkcə Azərbaycan vətəndaşlarına deyil, həm də regionun bütün xalqlarına təzyiq siyasətinin tərkib hissəsidir. Ədalət bəhanəsi ilə törədilən bu cür hərəkətlər getdikcə daha çox tarixin dəhşətli səhifələrini - Stalin rejiminin Azərbaycan xalqına qarşı repressiyalarını, keçmiş sovet rejiminin dəhşətli cinayətlərinin kulminasiya nöqtəsi, 1990-cı il 20 Yanvar faciəsini xatırladır. Eyni zamanda işğalçı Ermənistana hər cür yardımın göstərilməsi ilə Azərbaycanın tarixi ərazilərinin işğal edilməsini, dinc əhalinin doğma yurdlarından qovulmasını, “Xocalı soyqırımı”nı xatırladan bu cür davranışlar qətiyyətlə rədd edilir.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova Yekaterinburqda azərbaycanlılara qarşı edilən zorakı hərəkətlərdən bəhs edərkən deyir.
Komitə sədri hadisədən sonrakı ilk saatlardan başlayaraq, Rusiyanın informasiya məkanında qeyri-sağlam, ksenofobik tonda müzakirələrin inkişafına diqqəti çəkib: “Xüsusilə, Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy azərbaycanlılara qarşı “daha sərt tədbirlərdən istifadə etməyi” təklif etdi və Azərbaycan Xarici İşlər Nazirliyinin baş verənlərə reaksiyasını “Rusiyanın daxili işlərinə müdaxilə” adlandırdı. Əfsuslar olsun ki, insan haqlarının və beynəlxalq hüququn norma və prinsiplərini açıq-aşkar pozaraq başqa xalqlara qarşı hegemon niyyətlərini diktə etməyə çalışan Rusiya XXI əsrin reallıqlarına məhəl qoymur. Ötən əsrin “Leninqrad doktrinası” ilə hərəkət edən Rusiyanın bu davranışı qanuna deyil, güc tətbiqinə, qarşı tərəfə təzyiq və təzyiqlərə əsaslanır. BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğv Edilməsi Komitəsi (CERD) 2023-cü ilin iyun ayında Rusiyaya dair qəbul etdiyi Yekun Müşahidələrdə açıq şəkildə bildirib ki, “Mərkəzi Asiyadan və Qafqazdan olan miqrantlar, eləcə də Afrika mənşəli insanlar Rusiya hüquq-mühafizə orqanları tərəfindən sistemli şəkildə irqi motivli zorakılığa məruz qalırlar”. Azərbaycan MDB-nin üzvüdür və 2022-ci ildə imzalanmış Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamədə Rusiyanın tərəfdaşıdır. Ölkəmiz bu mənada üzərinə gördüyü öhdəlikləri yerinə yetirir. Lakin rəsmi Moskva ilə bağlı eyni fikri söyləmək mümkün deyil”.
Deputat ötən ilin dekabrında Bakıdan Qroznıya uçan AZAL sərnişin təyyarəsinin məhz Rusiya səmasında raketlə vurulmasının səbəbləri araşdırılmadığını da vurğulayıb: “Rusiya tərəfi hələ də məsələni uzadır. Rəsmi Moskva faciədən ötən müddət ərzində bir dəfə də olsun açıq şəkildə rəsmən üzr istəmədi. Azərbaycan parlamentinin deputatı Moskva hava limanında saxlanılır və heç bir səbəb göstərilmədən ölkəyə girişinə icazə verilmir. Bu insidentin heç bir rəsmi izahı olmadı. Eləcə də Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan qaynaqlandığı məlumdur. Bu gün də Solovyov kimi “jurnalistlər, aparıcılar” Azərbaycan xalqını təhdid edir və hədələyirlər. Və bu hansısa youtube kanalında deyil, Rusiyanın dövlət kanalında yayımlanır. Onlarla, yüzlərlə faktlar var ki, həyatı təhlükəyə baxmayaraq, Rusiyada eləcə də müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar cəsarət göstərərək rus vətəndaşlarını, rus əslli insanları xilas ediblər”.
Hicran Hüseynova Azərbaycan dövlətinin humanizm, dostluq, qonşuluq münasibətlərinə xüsusi önəm verdiyini söyləyib: “Bu günlədə İran-İsrail hərbi qarşıdurması zamanı məhz Azərbaycan dövləti təhlükəsiz qaydada bir çox dövlətlərin, o cümlədən Rusiya vətəndaşlarının təxliyəsini həyata keçirdi. Onları sağ-salamat vətənlərinə yola saldı. Lakin, bu gün biz Rusiyada başqa vəziyyət görürük. Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın, milli ayrıseçkilliyin bariz nümunələridir. Bu cinayət halları, onun motivləri Rusiyanın beynəlxalq aləmdə nüfuzunu daha da aşağı salır və onun təcrid olunmasına gətirib çıxarır. Rusiya anlamalıdır ki, keçmiş sovet imperiyasının dağılmasından sonra formalaşan yeni geosiyasi reallıqlar dəyişməzdir. Azərbaycan xalqı və dövləti tarixən müdrikliklə, dözümlə və qətiyyətlə hərəkət etmişdir. Biz heç vaxt qonşu dövlətlərlə düşmənçilik istəməmişik, lakin öz milli maraqlarımızı da heç kimə qurban verməmişik və verməyəcəyik”.