AZ

İran XİN: ABŞ-ın zərbələri nüvə obyektlərinə böyük ziyan vurub

Bakı, 2 iyul, AZƏRTAC

ABŞ-ın hava zərbələri İranın nüvə obyektlərinə ciddi zərər vurub və hazırda dəyən ziyanın qiymətləndirilməsi üzrə işlər aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “CBS News” telekanalında uranın zənginləşdirilməsi zavodunun vəziyyəti ilə bağlı sualı cavablandıran zaman deyib.

Nazir İran Atom Enerjisi Təşkilatının “Fordo” obyektinə dəyən zərərin nəticələrinin qiymətləndirilməsi ilə məşğul olduğunu və gələcəkdə bu barədə hökumətə hesabat təqdim ediləcəyini bildirib.

Tehranın zədələnmiş obyektdə uranın zənginləşdirilməsi prosesini bərpa etmək niyyətində olub-olmaması ilə bağlı suala cavabında Abbas Əraqçi onun yenidən işə salınması barədə qərarın hesabatdan sonra veriləcəyini vurğulayıb.

O, həmçinin İranın bir neçə ay ərzində uranın zənginləşdirilməsi proqramını bərpa edə biləcəyi ilə bağlı ekspert rəylərini şərh edərkən bunun ölkənin texnoloji imkanlarına əsaslandığını deyib. “Texnologiyalar və elmi biliklər bombardmanla məhv edilə bilməz”, - deyə XİN rəhbəri əlavə edib.

Nazirin sözlərinə görə, İranın nüvə proqramı müstəsna olaraq dinc xarakter daşıyır və respublika rəhbərliyi dünya ictimaiyyətini buna inandırmağa davam edəcək.

Qeyd edək ki, “Fordo” uran zənginləşdirmə obyekti Tehrandan 150 kilometr cənubda Qum şəhəri yaxınlığında dağlıq ərazidə tikilib. Onun yer səthindən təxminən 80-100 metr dərinlikdə yerləşdiyi ehtimal olunur.

 

Seçilən
38
50
azertag.az

10Mənbələr