"Rusiyanın hazırkı səssizliyi 90-cı illərin əvvəllərində Qanlı Yanvar, Xocalı soyqırımı, Azərbaycan ərazilərinin işğal olunması və digər istiqamətlər üzrə atılan məqsədyönlü siyasətin məntiqi davamıdır".
Bu sözləri Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətin səbəblərini şərh edən politoloq Xəyal Bəşirov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiyada OMON-çular dövlətin nəzarəti altında olan qurumun işçiləridirlər. OMON-çuların azərbaycanlılara və digər mülki şəxslərə qarşı atdıqları addımlar fonunda dövlət tərəfindən onlara qarşı tədbirlərin görülməməsi onu sübut edir ki, bu, Rusiya dövlətinin yürütdüyü siyasətin tərkib hissəsidir:
"Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycana məxsus təyyarənin vurulması və hadisədən sonra ölkəmizin haqlı tələblərinə baxmayaraq, Rusiya dövləti bu günə qədər heç bir addım atmayıb. Eyni zamanda iyulun 27-də Yekaterinburqda azərbaycanlılara qarşı törədilən vəhşi əməliyyatla bağlı tələblərimizə baxmayaraq, hələ də cinayəti törədənlərə qarşı addım atılmayıb. Bu məsələ ilə bağlı ciddi araşdırmanın aparılmaması bunun bir dövlət siyasəti olduğunu ortaya qoyur. Onsuz da Rusiya dövlət olaraq kifayət qədər ciddi şəkildə hüquqa və qanunazidd addımlar atıb. Elə 3 ildən artıqdır ki, Rusiya beynəxalq səviyyədə müstəqil dövlət kimi tanınan Ukrayna ərazisinə qanunsuz müdaxilələr edir və xüsusi əməliyyat adı altında yaşayış məskənlərini dağıdır. Rusiya üçün qanunsuzluq bir tendesiya şəklində həyata keçirilir".
X.Bəşirov qeyd edib ki, son təyyarə hadisəsindən sonra Azərbaycanla Rusiyanın münasibətləri o qədər də yaxşı istiqamətdə getmirdi. Çünki Azərbaycanın haqlı tələblərinə adekvat reaksiyanın şahidi olmadıq. Təyyarənin vurulmasına məsul olan şəxslərə qarşı hər hansısa addımlar atılmadı, məsuliyyətə cəlb edilmədilər və kompensasiyanın ödənilməsinə dair tədbir görülmədi.
Xəyal Bəşirov: Rusiyanın etnik mənsubiyyətə aid olan şəxslərə qarşı bu cür addımları zaman-zaman müşahidə olunub
Müsahibimiz vurğulayıb ki, Yekaterinburqda baş verən hadisə ilk deyil. Onun sözlərinə görə, Rusiyanın etnik mənsubiyyətə aid olan şəxslərə qarşı bu cür addımları zaman-zaman müşahidə olunub:
“Məsələn, ruslar zamanında türkmənlərə, qırğızlara, qazaxlara, özbəklərə, taciklərə və digər etnik mənsubiyyətə aid olan şəxslərə qarşı cinayət əməlləri törədiblər. Azərbaycanlılara qarşı törədilən cinayətlər OMON-çuların iddia etdiyi kimi, 2000-ci illərdəki hansısa cinayətin araşdırılması ilə heç bir əlaqəsi yoxdur. Bu iddia prosesə sadəcə hüquqi don geyindirmək niyyəti ilə ortaya atılıb və olduqca absurddur. Hətta öldürülən şəxslərin cinayətdə iştirakı sübuta yetirilsə belə, bu cür cinayət əməli düzgün deyil. Bu, bir dövlətin hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatdır və sanki terrorçu qruplaşma tərəfindən baş verib”.
Xəyal Bəşirov qeyd edib ki, Yekaterinburqdakı hadisə Rusiya siyasətinin bir göstəricisi olduğunu ortaya qoyur:
“Əks halda Rusiya Azərbaycan dövləti və xalqı qarşısında əsaslandırma ortaya qoyardı və cinayət törədən şəxsləri məsuliyyətə cəlb edərdilər".
Gülşən Şərif