“Rusiyanın Yekaterinburq şəhərində başlayan və digər şəhərlərində də davam edən azərbaycanlılara qarşı qanunsuz hərəkətlərin kökündə həm bu günün, həm keçmişin, həm də gələcəyin qisası dayanır”

Politoloq qeyd edib ki, son zamanlar Rusiyada “SSRİ-nin bərpası” məsələsi geniş müzakirə olunur və guya ittifaqın buraxılmasının qanunsuz olduğu bildirilir:
“SSRİ-nin dağılmasında təkan verici qüvvələrdən biri də ölkəmizdə 1980-ci illərin sonunda başlamış xalq hərakatı oldu. Milyonlarla vətəndaşımız meydanlara çıxaraq daha imperiya altında yaşamaq istəmədiyini, tarixi müstəqilliyini bərpa etmək istədiyini nümayiş etdirirdi. O zamankı imperiyanın xalqımıza qarşı qanlı yanvar cinayəti bütün dünyaya sübut etdi ki, ittifaq bizə bildirildiyi, təqdim edildiyi kimi könüllü əsaslarla deyil, qanla, işğalla, zülümlə və represiyalarla qurulub. Yəni imperiyanın bərpasını arzulayan şovinist qüvvələr SSRİ-nin dağılmasında bizi günahkar görürlər və bərpa olunması üçün də Azərbaycanın “sındırılmasını” istəyirlər. Çünki Pribaltika ölkələrini çıxmaq şərti ilə keçmiş ittifaq ölkələrində ən müstəqil siyasət yeridən, beynəlxalq münasibətlərdə, layihələrdə xüsusi rol oynayan, siyasi, iqtisadi və hərbi ittifaq qura bilən bizim ölkədir”.
Politoloq əlavə edib ki, bugünümüzlə bağlı olan məsələ isə Azərbaycanın öz torpaqlarını Rusiyanın istəməməsinə, onun maraqlarına cavab verməməsinə rəğmən işğaldan azad etməsi oldu:
“Bu, Rusiyanın 200 illik planını məhv etmək idi. Biz heç vaxt Ermənistana məğlub olmamışıq, onun arxasında olan Rusiya bizim torpaqlarımızı işğal edib. Qələbə qazanmaqla elə Rusiyaya öz gücümüzü göstərdik. Rusiyanın Ermənistana verdiyi hərbi texnikaları məhv etdik. Ermənistan ordusunu Rusiya formalaşdırmışdı. Biz Rusiyanın formalaşdırdığı ordunu darmadağın etdik.
Rusiyanın bizə və Ermənistana ən böyük təsiri idi ki, biz o, təsiri onun əlndən aldıq və özümüzlə yanaşı Ermənistanın da onun təsirində çıxmasına yol açdıq. Eyni zamanda, keçmiş ittifaq ölkələrinə və Rusiyanın öz təsirinə salmaq istədiyi ölkələrə göstərdik ki, hər şey Rusiyanın istəməsi ilə deyil. Bununla da Rusiyanın təsirindən qaçmaq istəyən ölkələrə ilham verdik, nümunə olduq. Biz bunu Mərkəzi Asiya ölkələrinin siyasətində görürük. Dövlətimizin müstəqil xarici siyasətindən, beynəlxalq münasibətlərdə oynadığı roldan, Türkiyə, Pakistan və başqa ölkələrlə qurduğu əlaqələri görən Mərkəzi Asiya ölkələri bu gün bizimlə yanaşı Türk Dövlətlər Təşkilatının inkişafına çalışırlar, qardaş Türkiyənin hərbi silahlarını alır, ölkələrində onun istehsalını edirlər. İqtisadiyyatlarını inkişaf etdirir, enerji siyasətini bizim kimi şaxələndirir, Rusiyadan yan keçən və bizim dəstəklədiyimiz “Orta dəhliz” layihəsi vasitəsilə Qərbə çıxış imkanları qazanırlar.
Rusiya Prezidenti Vladimir Putin son çıxışlarının birində bildirdi ki, “rus əskərinin ayağı hara dəyirsə ora Rusiya torpağıdır”. Əslində biz bunun da belə olmadığını göstərdik. İkinci Qarabağ müharibəsi nəticəsində imzalanmış “Üçtərəfli bəyanat” əsasında işğaldan azad edilmiş torpaqlarımıza “sülhməramlı” adı ilə gələn, əslində separatçılığın yenidən dirçəldilməsinə çalışan, münaqişənin davam etməsi üçün əlindən gələni edən rus qoşunlarını 2024-cü ilin aprel ayında, vaxtından 18 ay əvvəl yola saldıq. Halbuki, Rusiya hakimiyyəti öz əlaltıları vasitəsilə dünyaya belə bir mesaj ötürürdülər ki, rus “sülhməramlıları” ordan çıxamayacaq”.
Y.Hacızadə vurğulayıb ki, Rusiya qonşusu və keçmiş ittifaq ölkəsi olan Ukraynanı işğal etməyə çalışır, 3 ildən artıqdır ki, həmin ölkənin ərazisini bombalayır, əhalisini qətlə edir:
“Və ondan qaçmaq istəyən ölkələrə göstərir ki, “məndən qaçmağın nəticəsi budur”. Amma bütün bunlara baxmayaraq Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, işğalı pisləyir, Ukrayna dövlətinə maddi və xalqına mənəvi dəstək verir.
Rusiyanın gələcəklə bağlı qisası odur ki, bizim apardığımız siyasət Rusiyanın Cənubi Qafqazla, Mərkəzi Asiya ilə bağlı işğalçılıq, imperialist siyasətini puç edir. Biz qardaş türkiyə, Pakistan, İsrail, Böyük Britaniya və Cinlə strateji müttəfiqlik səviyyəsində əməkdaşlıq edir, ölkəmizin, regionumuzun gələcək təhlükəsizliyinin təminatını qarant altına almağa çalışırıq. Regionumuzda beynəlxalq əhəmiyyətli iqtisadi layihələri həyata keçirməklə, bizə qarşı yarana biləcək təhdidin bizim müttəfiqlərə qarşı da hesab edilməsinə nail oluruq. Bütün bunlar Rusiyanın bizə qarşı təsirini azaltdığı üçün düşmənçiliyini, aqressiyasını artırır. Elə bunu Rusiyalı deputat Zatulin də etiraf edir”.
“Əlbəttəki, bizim də Rusiyanın hərəkətlərinə cavab vermək və ona qarşı təzyiq göstərəcək imkanlarımız var. Rusiyanın bizə qarşı olan ən böyük təsiri isə bizim orda yaşayan vətəndaşlarımız və soydaşlarımızdır. Çox təəssüflər olsun ki, qonşumuz olan Rusiya hüquq dövləti deyil, imperialist ideologiyanın və siyasətin hökm sürdüyü, kriminal aləmin böyük təsiri olan və dövlətin də elə davrandığı ölkədir. Öz dövlət maraqlarının təmini üçün vətəndaşlarının və başqa millətdən ola insanların öldürülməsindən, həbs edilməsindən çəkinməyən gücdür. Keçən ilin dekabr ayında bizim mülki təyyarənin qəsdən vurulması və 38 insanın ölməsi ilə nəticələnən qəzadan sonra Rusiyanın yaratdığı gərginlik bizim Rusiyaya qarşı olan siyasətimizdə geri dönüşü olmayan münasibət formalaşdıracaq. Ona görə hesab edirəm ki, beynəlxalq münasibətlərimizi daha artırmalı, Rusiyadan bizı qarşı ola biləcək hər hansı bir hərbi və fiziki müdaxilənin, təxribatın qarşısının alınması üçün Türk Dövlətlər Təşkilatı və əsasən Türkiyə ilə hərbi imkanlarımızı genişləndirməli, ölkəmizdə birgə hərbi birliklərin yaranmasına çalışmalıyıq”,- deyə politoloq Yalçın Hacızadə deyib.
Mehin Mehmanqızı