AZ

"Deepfake"lərə qarşı yeni həll: Üz və səsin müəllif hüquqlarını almaq olacaq

Danimarka hökuməti süni intellekt vasitəsilə yaradılan "deepfake" məzmunlarına qarşı yeni bir qanun layihəsi hazırlayır. Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunan bu təşəbbüs, vətəndaşlara öz üzləri, səsləri və görüntüləri üzərində müəllif hüququ tanımağı nəzərdə tutur. Qanun layihəsinin bu payız parlamentə təqdim olunacağı gözlənilir.

Valyuta.az xəbər verir ki, yeni qanun qəbul edildiyi halda vətəndaşlar rəqəmsal platformalarda izinsiz paylaşılmış real görkəmli və eşidilə bilən təmsillərinin silinməsini tələb edə biləcəklər. Layihəyə əsasən, "deepfake" məzmunları hüquqi olaraq tərif ediləcək və onların izinsiz hazırlanması və ya yayılması sanksiyalara səbəb olacaq. Bundan əlavə, hüquq pozuntusu halında maddi təzminat tələb etmək imkanı da təmin ediləcək.

Qanun yalnız adi vətəndaşları deyil, eyni zamanda sənətçiləri də əhatə edəcək. Xüsusilə süni intellektlə yaradılan və səsə, görüntüyə əsaslanan “rəqəmsal təqlid” halları bu qanunla məhdudlaşdırılmaq məqsədi daşıyır. Məsələn, bir sənətçinin mahnısının süni intellekt vasitəsilə yenidən yaradılıb yayımlanması, əgər icazəsizdirsə, aydın hüquq pozuntusu hesab ediləcək.

Texnologiya şirkətləri üçün isə öhdəliklər artırılır. Bu cür məzmunların silinməsi ilə bağlı tələbləri yerinə yetirməyən platformalar ciddi maliyyə cəzaları ilə üzləşə bilər.

Qanun layihəsi mümkün sui-istifadə risklərini də nəzərə alır. Məsələn, kimsə yalnız xoşuna gəlməyən bir görüntünü sildirmək üçün bu hüquqdan istifadə etməyə cəhd göstərə bilər. Lakin layihənin yalnız "realistik rəqəmsal təmsillər" kimi təsnif olunan "deepfake" məzmunlarına yönəldiyi bildirilir. Parodiya, satira və digər yaradıcı məhsullar isə bu tənzimləmədən kənarda qalacaq. Yəni ictimai maraq daşıyan tənqidi məzmunlar “ədalətli istifadə” çərçivəsində qiymətləndirilməyə davam edəcək.

Danimarka mədəniyyət naziri Yakob Engel-Şmidt bu qanun təklifinin məqsədini belə izah edib: "İnsanların öz bədənləri, üzləri və səsləri üzərində hüquqlarını hüquqi zəmanət altına almaq istəyirik".

Nazir həmçinin bildirib ki, mövcud qanunvericilik generativ süni intellektin yaratdığı yeni risklər qarşısında yetərsiz qalır: "İnsanların rəqəmsal surət maşınlarından keçirilib hər cür məqsədlər üçün istifadəsinə səssiz qala bilmərik".

Danimarka bu sahədə tənzimləmə aparmağa çalışan yeganə ölkə deyil. ABŞ-da bu ilin əvvəlində qüvvəyə minən “Take It Down Act” adlı qanun, izinsiz yayımlanan cinsi xarakterli məzmunların silinməsini tələb etmə hüququ verir. Lakin bəzi vətəndaş cəmiyyəti təşkilatları bu tip qanunların sui-istifadə edilə biləcəyini və sərhədlərinin qeyri-müəyyən olduğunu bildirirlər.

Yeni tənzimləmələrin nə dərəcədə təsirli olacağı, rəqəmsal mühitdə necə tətbiq ediləcəyi və istifadəçilərlə platformalar arasında necə bir balans yaradacağı hələ ki bəlli deyil. Amma bu qanun layihəsi, rəqəmsal şəxsiyyət hüquqları sahəsində getdikcə daha çox ölkənin təşəbbüs göstərdiyini ortaya qoyur.

Paşa Məmmədli

Seçilən
20
50
valyuta.az

10Mənbələr