Rusiyada Azərbaycan əsilli şəxslərin zorakı həbsi və iki şəxsin ölümündən sonra Bakı və Moskva arasında münasibətlərdə gərginlik davam edir. Xatırladaq ki, iyunun 27-də səhər Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda və başqa yerlərdə əməliyyat keçirib.
Mənzillərə basqın zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qətlə yetirildiyi, döyülmə nəticəsində səkkiz nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərovun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir.
İyunun 29-da Yekaterinburq məhkəməsində Məzahir, Akif və Ayaz Səfərovlar barəsində 22 gün müddətinə həbs-qətimkan tədbiri seçilib, onlara qətllə bağlı ittiham irəli sürülüb. Məhkəmədən fotolarda saxlananlardan birinin üzündə hematoma görünür. Daha üç şəxs isə 72 saatlıq saxlanıb. Azərbaycanda bütün bunlar təsirsiz ötüşməyib. Artıq Rusiya ilə birgə mədəniyyət tədbirləri ləğv edilib. Milli Məclisin nümayəndə heyətinin Moskvaya səfəri də təxirə salınıb. Onu da qeyd edək ki, Yekaterinburqdan gətirilib Bakıda ekspertiza olunan Səfərov qardaşlarının meyitlərində xəsarət izləri aşkarlanıb. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov bildirib ki, hər iki qardaşın meyiti yerli mütəxəssislər tərəfindən nəzərdən keçirilib, ölümün səbəblərinin posttravmatik şok olduğu aşkarlanıb. Ədalət Həsənov deyib ki, Hüseyn Səfərovun meyitində gözlə görünən çoxlu xəsarət var. Onun sözlərinə görə, Ziyəddin Səfərovun Rusiyada verilən ölüm sənədində onun xəstəlikdən öldüyü yazılıb, ona kəskin ürək-ağciyər çatışmazlığı diaqnozu qoyulub: “Daxili müayinələr zamanı isə aşkar etdik ki, başın dəri örtüyünün səthində qansızmalar, döş qəfəsinin küt travması-sıxılması müşahidə edilib. Qabırğasının biri isə yox idi. Beləliklə, Ziyəddin Səfərov çoxsaylı xəsarətlərlə əlaqədar baş vermiş postravmatik şok nəticəsində ölüb”. Bunlar fonunda Azərbaycan və Rusiya arasında münasibətlərdə əvvəllər müşahidə olunmamış dərəcədə ciddi bir çat yaranıb. Azərbaycan hökuməti artıq uzun müddətdir Moskvanın davranışlarından narazıdır. Rusiya isə cavab olaraq, Bakıya təzyiq göstərmək məqsədilə Azərbaycan hökuməti üçün ən həssas nöqtəni - Rusiyaya üz tutmuş Azərbaycan vətəndaşlarını hədəfə almış kimi görünür. Bu vəziyyət Rusiyada yaşayan yüz minlərlə azərbaycanlı üçün ciddi narahatlıq doğurur və ikitərəfli münasibətlərdə yeni gərginlik mərhələsinin başlandığını göstərir. Bəs əgər Rusiya öz ərazisində yaşayan azərbaycanlılara təzyiq göstərməyə davam edərsə, nələr ola bilər? BBC radiosu bu xüsusda 6 mümkün ssenarini təqdim edir. 1.Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərim gərginləşməsi. Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən polis əməliyyatı, iki nəfərin ölməsi və bir neçəsinin saxlanılması kimi hadisələr və etnik azərbaycanlılara Rusiyada təzyiqlər davam edərsə, Azərbaycan hökumətinin növbəti addımı Rusiyadakı diplomatlarını geri çağırmaq ola bilər və cavab olaraq, Rusiya da öz diplomatlarını geri çağırar. Bu cür diplomatik eskalasiya isə ilk növbədə sadə vətəndaşlara, xüsusilə Rusiyada yaşayan və ya Rusiya ilə ticarət edən azərbaycanlılara zərbə vura bilər. 2. Ticarət əlaqələrinin kəsilməsi. Azərbaycan və Rusiya arasında əsas ticarət əlaqələrindən biri kənd təsərrüfatı məhsullarının xüsusilə meyvə-tərəvəzin bir-birinə ixracıdır. Hazırda Rusiya Azərbaycanın 2-ci ən böyük ticarət tərəfdaşıdır. Rusiyanın əsas ticarət partnyorları isə Çin, Türkiyə, Belarus və digərləridir. Əgər münasibətlər daha da soyuyarsa, gömrükdə yüklərin saxlanılması, ixracatçılara əlavə yoxlamalar, lisenziya və kvotalarla bağlı maneələr kimi inzibati əngəllər arta bilər. Üçüncü bir ssenaridə azərbaycanlıların Rusyadan kütləvi geri axını və ya məcburi deportasiya kimi hal göstərilir. Məsələ yalnız Rusiyadakı azərbaycanlıların orada yaşayışının pisləşməsilə bitməz, həm də böyük sayda azərbaycanlı miqrantlar Azərbaycana qayıtmağa məcbur edilə bilər. Azərbaycan quru sərhədlərini bağlı saxladığından bu onlar üçün ikiqat çətin vəziyyət deməkdir, amma bir çoxları da təyyarə vasitəsilə ölkəyə qayıda bilər. başqa bir ssenaridə Azərbaycanda dövlətin maliyyələşdirdiyi rus məktəbləri fəaliyyətinə davam edərsə belə, ölkədəki ictimai rəydə böyük dəyişiklik baş verə bilər. Əgər mediada anti-rus təbliğatı başlayarsa, bu, Rusiya və ruslar əleyhinə fikirlərin geniş yayılmasına səbəb ola bilər. Son illərdə Rusiyaya tətbiq edilən sanksiyalara görə, ruslar Azərbaycandan xarici ölkələrə tranzit kimi də istifadə edir. Gərginlik rus turistlərin də ayağını Bakı vasitəsilə uçuşlardan kəsə bilər.5. Rusiyada potensial daxili toqquşmalar. Azərbaycanda anti-rus fikirlərin qisası Rusiya ərazisində alına bilər. Azərbaycanlılara qarşı təkcə polis reydləri deyil, həm də kütlənin hücumları baş verə bilər. Və belə hücumlar artaraq daha çox insanı əhatə edə bilər. Yəni bunun təsiri təkcə Azərbaycana və azərbaycanlılara olmaz - qızışan kütlə azərbaycanlıları ermənidən və ya özbəkdən ayırmaya bilər, digər qafqazlı və Orta Asyiyadan gələn immiqrantları da cənginə ala bilər və ''qastarbayterlər'' ümumi hədəfə çevrilər. Bu isə Rusiya cəmiyyətində yaşayan milyonlarla azsaylı xalqlar üçün sistemli diskriminasiya və zorakılıq riski deməkdir. Bu cür ssenaridə etnik qarşıdurmalar yalnız Azərbaycan və azərbaycanlıların problemi olmayacaq. Regionda yerləşən digər ölkələrin - Ermənistan, Gürcüstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və digərlərinin vətəndaşları təhlükə ilə üz-üzə qala bilər. Beləliklə, Rusiyada daxili sabitliyin pozulması postsovet məkanında genişmiqyaslı bir böhrana yol aça bilər. 6. Qərbə daha da yaxınlıq. Azərbaycan gərginlik yaranacağı halda, Rusiyanın önəm verdiyi enerji layihələrindən çəkilə bilər. Avropaya daha da yaxınlıq reallaşa bilər. Politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edir ki, artıq Rusiyada təzyiqlər yalnız miqrantlara deyil, birbaşa Rusiya vətəndaşı olan qeyri-rus millətlərə də yönəlir: “Bu dəfə saxlanılanların əksəriyyəti Rusiyanın vətəndaşı olan azərbaycanlılardır. Bu, sadəcə hüquq-mühafizə əməliyyatı deyil, bu – etnik zəmində aparılan repressiyadır. 50-yə yaxın insan saxlanılıb, onlardan ikisi döyülərək öldürülüb, digərləri ağır xəsarət alıb”. Zülfüqarov baş verənləri Rusiyada idarəetmədə yaranmış xaos və paralel güc mərkəzlərinin toqquşması ilə əlaqələndirir. Onun fikrincə, ölkədə artıq formal olaraq bir mərkəzdən idarəetmədən söhbət getmir: “Rusiya artıq bir nəfərin yox, müxtəlif klanların idarəsindədir. Orduda bir neçə paralel qurum var. Bəzən düşünürəm ki, Rusiyanı Putin deyil, parçalanmış maraq qrupları idarə edir. Rusiya çoxmillətli dövlətdir. Etnik zəmində zorakılıqlar daxildə dağıdıcı fəsadlara səbəb ola bilər. Hüquq-mühafizə orqanları artıq məhkəmə qərarı olmadan insanlara hökm verir və bu, hüququn deyil, vandalizmin göstəricisidir". Zülfüqarov qeyd edib ki, Azərbaycan bu proseslərə səssiz qalmayacaq və lazım gəldikdə sərt diplomatik addımlar atılacaq: “Məqsəd Azərbaycanı susdurmaqdır. Amma biz buna göz yummayacağıq. Azərbaycanın suverenliyi yalnız sərhədlə deyil, onun soydaşlarına olan münasibətlə də ölçülür. Bu mesaj hər kəsə aydın olmalıdır”. Politoloqun fikrincə, bu hadisələrin arxasında konkret kimlərin dayandığını zaman göstərəcək, lakin artıq Rusiyada sağlam düşüncəli şəxslər belə “Rusiyanı kim idarə edir” sualını açıq şəkildə verir: “Rusiya İstintaq Komitəsinin sədri Bastrıkin, Putin, digər fiqurlar sahədə özlərini sərbəst aparırlar. Xarici İşlər Nazirliyi belə bu halları şərh etməkdən çəkinir. Bu, dövlətin gələcəyi ilə bağlı ciddi suallar doğurur. Rusiyada artıq 2 və ya 3 kateqoriyalı vətəndaş anlayışı formalaşıb - belə bir dövlətin sabahı varmı? Bu sualı artıq ruslar özləri də verməyə başlayıb”.
Nahid SALAYEV