AZ

Saçı töküldü, tapdığı yol onu milyonçu etdi - Öz brendini quran Saranın hekayəsi

O, nə varlı ailədə doğulmuşdu, nə də əlində imkanları vardı. Uşaqlıqdan itkilərlə, yoxsulluqla və ayrı-seçkiliklə üz-üzə qaldı. Amma bütün bunlara baxmayaraq, yalnız öz gücünə arxalanaraq həm öz taleyini dəyişdi, həm də minlərlə insan üçün yol açdı. Onun həyatı sübut etdi ki, bəzən ən böyük sərvət əzm, ideya və inamdır. Bu, sadəcə bir sahibkarın deyil, bir dövrə meydan oxuyan bir qadının hekayəsidir.

Valyuta.az xəbər verir ki, söhbət Sara Bredlavdan gedir.

Əsl adı Sara Bredlavdan olan Madam Valker 1867-ci ilin 23 dekabrında Luiziana ştatında qulluqçuluqdan yeni azad edilmiş ailədə dünyaya gəlib. Altı uşaqdan beşincisi olan Sarah cəmi 7 yaşında yetim qalıb və bacısının evində böyüməli olub. Təhsili bazar günü məktəbində cəmi 3 ayla məhdudlaşıb. 14 yaşında məcburi evləndirilib, 20 yaşında dul qalıb və iki yaşlı qızı ilə təkbaşına mübarizə aparmağa başlayıb.

Bundan sonra o, St. Louis şəhərində çamaşırçılıqla məşğul oldu, gündəlik 1.50 dollar qazanırdı. Ən çətin dövrlərində belə Sarah yeni nəsil qadın kimi düşünürdü: “Qızıma təhsil vermək və başqa qadınlara iş yeri yaratmaq üçün yollar tapmalıyam,” deyirdi.

Saç tökülməsi dönüş nöqtəsi oldu 

1890-cı illərdə Valker saçının tökülməsi problemi ilə üzləşdi və bu ona yeni bir sahəyə – saç baxımı və kosmetikaya yönəlmək üçün ilham verdi. O, əvvəlcə digər afroamerikalı sahibkar Annie Malone üçün işləyərək “Poro” adlı saç məhsullarını satırdı. 1905-ci ildə isə artıq öz məhsulu olan “Wonderful Hair Grower” ilə bazara daxil oldu.

1906-cı ildə ikinci həyat yoldaşı Çarlz Cozef Valker ilə evlənərək “Madam C. J. Walker” adını aldı və öz brendini yaratdı. Yeni soyadı biznes strategiyası idi, müştərilər onun adını daha etibarlı və professional qəbul edirdi.

Valkerin metodu ilə sahibkarlıq imperiyası quruldu

Madam Valker ölkə üzrə qapı-qapı gəzir, seminarlar təşkil edir, məhsul satır və qadınlara sahibkarlığı öyrədirdi. 1910-cu ildə İndianapolisdə “Madam C. J. Walker Manufacturing Company” fabrikini, gözəllik məktəbini və salonunu qurdu. O, “Walker Agentləri” adlı satış şəbəkəsi ilə 40 mindən çox qadını işlə təmin etdi. Şirkət 1919-cu ildə artıq 25 000 aktiv satıcıya sahib idi.

Valker qadınlara təkcə məhsul satmaq yox, həm də öz bizneslərini qurmaq imkanı yaradırdı. Bu günkü anlayışla desək, o qadın sahibkarlığın və “network marketing”in ilk öncüllərindən biri idi.

Liderlik ona görə sadəcə pul qazanmaq və iş qurmaq deyildi

Uğur qazandıqdan sonra Valker təkcə varlanmaqla kifayətlənmədi. O, afroamerikalıların hüquqları uğrunda mübarizə apardı, “NAACP”, “Tuskegee Institute”, “YMCA” və digər qurumlara ianələr etdi. Onun İndianapolisdə qurduğu “Walker Legacy Center” bu gün də afroamerikalı irsinin qorunduğu əsas mərkəzlərdəndir.

1918-ci ildə New York ştatının Irvington şəhərində tikdirdiyi “Villa Lewaro” adlı möhtəşəm malikanəsi afroamerikalı intellektuallar üçün toplanış yeri oldu. Bu bina hazırda ABŞ-ın milli tarixi abidələr siyahısına daxildir.

Ölümündən sonra mirası

Madam Valker 1919-cu ildə 51 yaşında vəfat etdi. O dövrdə sərvəti təxminən 600 min–1 milyon dollar arasında qiymətləndirilirdi. Bu günkü inflyasiyaya uyğun dəyərlə bu, 8–15 milyon dollar arası deməkdir. Valker vəsiyyətində gələcək gəlirlərinin bir hissəsinin xeyriyyə məqsədlərinə ayrılmasını vəsiyyət etmişdi.

2020-ci ildə Netflix onun həyatına həsr olunmuş “Self Made” adlı mini-serial yayımladı. Baş rolda Octavia Spencer yer alırdı. Onun həyat hekayəsini nəvəsi A’Lelia Bundles “On Her Own Ground” adlı bioqrafik kitabda ətraflı təsvir edib.

2023-cü ildə onun markası “Madam by Madam C. J. Walker” adı altında yenidən bazara çıxarılaraq Walmart şəbəkəsində satışa təqdim olunub.

Sərvanə Rəmixanova

Seçilən
22
19
valyuta.az

10Mənbələr