AZ

"Hürriyyət" qəzetinin 01 iyul 2025-ci il tarixli sayı

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Rusiya rəhbərliyinə və ixtimaiyyətinə açıq məktubla müraciət edərək destruktiv qüvvələrin Rusiya ilə Azərabaycan arasındakı müttəfiqlik münasibətlərini, strateji əməkdaşlığı pozmasına yol verməməyə çağırıb. Məktubu Rusiyanın bir sıra digər ziyalıları da imzalayıblar.

"Vestnik Kavkaza" portalı Sergey Markovun açıq məktubunu dərc edib:

"Rusiya-Azərbaycan münasibətlərində kəskin geriləmə baş verib. Son aylarda artıq birinci dəfə deyil ki, belə hallar olur. Bu dəfə baş verən hadisə siyasi, iqtisadi və humanitar əlaqələrin uzun müddətə soyuması və məhdudlaşdırılması ilə təhdid edir.

İnanmaq mümkün deyil ki, lap bu yaxınlarda, sərhədlərini açan Azərbaycanın operativ köməyi sayəsində biz Moskvadan baxıb İranda çətin vəziyyətə düşmüş rusların sağ-salamat evlərinə qayıtmasına, Böyük Simfonik Orkestrinin Bakıda konsert verməsinə sevinmişdik.

Ancaq hava necə də tez dəyişdi, yaya xas olmayan buludlu səma və rekord dərəcədə soyuq atmosfer cəbhəsi gətirdi!

Yekaterinburq hadisələrindən sonra münasibətlərimizdə baş verənləri izləmək ağırdır. Həmin hadisələrin Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən dərhal və hərtərəfli araşdırma obyektinə çevriləcəyini güman edirik.

Həmçinin iki ölkənin bir sıra media orqanlarında 2022-ci ildə Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməni imzalayan Rusiya ilə Azərbaycan prezidentlərinə qarşı açıq-aşkar təxribat xarakterli çağırışlar və qəbuledilməz təhqirlər səslənən cilovsuz vakxanaliya ilə barışmaq da mümkün deyil.

Bəzi “fikir liderləri” və ekrandakı “danışan başlar” sevincdən əllərini ovuşduraraq, artıq Moskva ilə Bakının tərəfdaş və ya müttəfiq deyil, gizli rəqib olmasından danışmağa başlayıblar. Bu baxımdan, guya heç bir normallaşmaya ehtiyac yoxdur.

Bu gün tam aydın oldu ki, hər iki paytaxtda hazırkı böhranın münasibətlərimizi geri dönüşü olmayan həddə çatdıracağı gümanı ilə eskalasiya oyununu davam etdirməkdə maraqlı olan qüvvələr var.

Tsiklik eskalasiyanın xarici oyunçulardan ilhamlana biləcəyi ehtimalı da var.

İkinci əsas nəticə ondan ibarətdir ki, tərəflərin son ayların neqativ tendensiyalarının neytrallaşdırılması istiqamətində gördüyü işlər açıq-aydın yetərli olmayıb. Tozun çökəcəyini və problemlərin öz-özünə həll olunacağını düşünmək sadəlövhlükdür - onlar yalnız üst-üstə yığıla bilər.

Lakin biz nəsillərin qurduğu və bu gün də ümumi irsimiz və ümumi əvəzsiz sərvətimiz olan münasibətlərimizi qorumaq istəyiriksə, indiki böhrandan çıxmaq məsələsində nə geriyə gedə, nə də yarı yolda dayana bilərik.

Axı bizim barışmaz opponentlərimiz də məhz bunu istəyir – iki dövlətin və xalqın mənafeyinə zidd fəaliyyət göstərən quduz rusofoblar və azərbaycanofoblar.

Rusiya ilə Azərbaycan arasında dostluq və geniş əməkdaşlıq dövrü mütləq qayıdacaq və bizim ümumi vəzifəmiz onun ölkələrimiz üçün daha tez və itkisiz şəkildə qayıtmasını təmin etməkdir.

Açıq məktubu imzalayanlar:

Vasilkova Svetlana Vitaliyevna – MDB Üzv Dövlətlərin Parlamentlərarası Assambleyasının ekspert şurasının üzvü, hüquq elmləri namizədi, Sankt-Peterburqdakı Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin dosenti;

Voronin Sergey Anatolyeviç – tarix elmləri doktoru, professor, Tarixi Ekspertiza və Elmi Proqnozlaşdırma Mərkəzinin direktoru;

Juravlev Aleksey Aleksandroviç – Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini;

Markov Sergey Aleksandroviç – politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru;

Solonnikov Dmitri Vladimiroviç – Müasir Dövlət İnkişafı İnstitutunun direktoru;

Strokan Sergey Vladlenoviç – “Kommersant” nəşr evinin şərhçisi, Rusiya-Azərbaycan Ekspert Şurasının üzvü;

Totorkulov Şaqaban Mussayeviç – Qaraçay-Çərkəz Respublikası İctimai Palatasının üzvü, Şimali Qafqaz Dövlət Akademiyasının professoru".

Hürr Tərcüman

 

Seçilən
16
47
hurriyyet.az

10Mənbələr