Yekaterinburqda azərbaycanlıların işi üzrə keçirilən məhkəmə prosesi mətbuat nümayəndələrinin iştirakı olmadan keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyinin müxbiri Leninsk Rayon Məhkəməsinin zalından məlumat verib.
Məhkəmə nəzarətçilərinin mətbuata verdiyi məlumata görə, jurnalistlərin iştirakına qadağa qərarı əvvəlki gün verilib. Onlara yalnız məhkəmə qərarının elan olunması mərhələsində iştirak etməyə icazə veriləcək.
Xatırladaq ki, 27 iyun tarixində səhər saat 5 radələrində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Yekaterinburq şəhərində müxtəlif ünvanlarda əməliyyatlar keçirib. Bu ünvanlarda Azərbaycanın Ağdam rayonundan olan və Rusiya vətəndaşlığı daşıyan Səfərovlar ailəsinin üzvləri yaşayırdı.
Əməliyyat nəticəsində qardaşlar Hüseyn və Ziyəddin Səfərovlar döyülərək öldürülüb, daha 8 nəfər, o cümlədən ölənlərin qardaşı Bəkir Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər Uralın paytaxtında — Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə törədilmiş bir sıra qətl və qətlə cəhd hadisələrinə “əlaqəli” olublar.
Azərbaycan diasporunun nümayəndələrinin kütləvi şəkildə saxlanılmasından bir neçə gün sonra Rusiya hüquq-mühafizə orqanları yeni ittihamlarla çıxış ediblər.
Dövlətə bağlı KİV-lər, o cümlədən “RIA Novosti” və RBK, bəzi saxlanılan şəxslərin 2021-ci ildə Sverdlovsk vilayətində baş vermiş saxta spirtli içkidən zəhərlənmə hadisəsinə də guya əlaqədar olduqlarını iddia edir. Həmin hadisə nəticəsində 44 nəfər həyatını itirmişdi.
Hüquq-mühafizə orqanlarındakı mənbələr bildirirlər ki, “təchizatın təşkilatçıları” saxlanılan şəxslərdən bəziləri ola bilər. Lakin qeyd etmək lazımdır ki, həmin iş üzrə artıq məhkəmə prosesi baş tutub və günahkarlar həbs cəzası alıblar. Dörd ildən sonra yeni saxlanılan şəxsləri həmin hadisəyə bağlamaq cəhdləri ciddi suallar və ittihamların saxtalaşdırılması ilə bağlı şübhələr doğurur.
Bizim.Media