“Baş vermiş faciədə görünən budur ki, iş yarımçıq həll edilib. Qazılmış yer doldurulmayıb, üzərinə zəif bir təbəqə çəkilib, azacıq ağırlığa tab gətirməyərək çöküb”
Bir neçə gün əvvəl “Baksol” adlanan ərazidə yolun çökməsi nəticəsində Bakı sakini, 27 yaşlı Cümşüd Cümşüdlü kanalizasiyaya düşərək faciəli şəkildə həlak olub. Onun meyiti hadisədən yalnız 3 gün sonra Hövsanda tapılıb. Faciənin başvermə səbəbləri araşdırılır. Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb. Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam etdirilir.
Qeyd edək ki, hadisənin baş verməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb və ictimaiyyətin sərt qınağına səbəb olub. Faciənin səbəbkarı kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin adı daha çox hallandığından adıçəkilən qurum açıqlama verib. Açıqlamada deyilir: «Bir neçə gün öncə “Baksol” adlandırılan ərazidə baş vermiş bədbəxt hadisə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xidməti sahəsinə daxil olmayan, piyadalar üçün nəzərdə tutulmuş ərazidə qeydə alınıb. Qeyd etmək istərdik ki, Bakı şəhərində yolun hərəkət hissəsindən kənarda yerləşən ərazilər, o cümlədən piyadalar üçün nəzərdə tutulmuş sahələr Agentliyin balansında deyil və xidmət göstərdiyimiz sahələrə aid olunmur. Təəssüf doğuran məqam isə odur ki, bəzi şəxslər hadisənin başvermə səbəbləri ilə bağlı mütəxəssis rəyi olmadan əsassız iddialar irəli sürərək, hadisəni guya yolun və ya yol infrastrukturu elementlərinin qüsurları ilə əlaqələndirməyə çalışırlar. Bildirmək istərdik ki, bu kimi hadisələrin yolun konstruktiv quruluşu və ya tikintisi zamanı buraxılmış hər hansı nöqsanla heç bir əlaqəsi yoxdur. Belə halların baş verməsinin əsas səbəbi, yolun altından keçən kommunikasiya xətlərində yaranan texniki nasazlıqlardır. Bu səbəbdən, həmin xətlərdə baş verən nasazlıqların aradan qaldırılması birbaşa olaraq müvafiq sahə üzrə xidmət göstərən aidiyyəti qurumların səlahiyyətindədir». Xatrırladaq ki, AAYDA-nın açıqlamasında qeyd edilən "aidiyyatlı qurum" - kanalizasiya xətlərinə nəzarət edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. Hələlik qurum məsələ ilə bağlı açıqlama verməyib, məsələnin araşdırıldığını bildirir.

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a açıqlamasında bildirdi ki, bu faciə şəhər təsərrüfatının idaredilməsi və infrastruktur layihələrinin icrasında pərakəndəlik olduğunun göstəricisidir:
- Təəssüf ki, dəfələrlə deyilməsinə, irad bildirilməsinə, təkliflər səsləndirilməsinə baxmayaraq, şəhər təsərrüfatına, yol-abadlıq-tikinti, kommunikasiya xətlərinin çəkilməsi, bərpası, təmiri və sair layihələrin icrası zamanı biz yenə də pərakəndəliyin olduğunu müşahidə edirik. Kompleks yanaşma yoxdur. Məsələ belədir: Hansısa quruma yol təmiri, yaxud hər hansı başqa bir infrastruktur layihəsinin icrası tapşırılır. Layihədə təkcə bir qurum iştirak etmir. Kanalizasiya, su xətlərini yeniləmək, yenisini çəkmək bir qurumun işidir, bu iş başa çatdıqdan sonra asfalt örtüyünü təzələmək, yolun, səkinin, hansısa həyətdə müəyyən ərazinin qazılmış hissəsini doldurmaq, üzərini asfaltlamaq, əhalinin, sakinlərin rahatlığını, təhlükəsizliyini təmin etmək başqa bir qurumun işidir. Amma hansısa qurum özbaşına gəlib iş görmür. Bu vəzifələr layihədə göstərilir. Hər bir qurumun görəcəyi, məsul olduğu iş qeyd olunur. Layihənin icrasına hansı qurum məsuldursa, o, bütün işlərin vaxtında və mükəmməl yerinə yetirilməsinə nəzarət etməlidir. Hansı quruma hansı vəzifə, hansı iş tapşırılıbsa, onu yerinə yetirməlidir, əsas məsul qurum da buna nəzarət etməlidir ki, işlər tam başa çatdırılsın. Baş vermiş faciədə görünən budur ki, iş yarımçıq həll edilib. Qazılmış yer doldurulmayıb, üzərinə zəif bir təbəqə çəkilib, azacıq ağırlığa tab gətirməyərək çöküb. Əgər həmin ərazidə asfalt örtüyünün bərpası lazımi şəkildə aparılmamışdısa, yaxud iş başa çatdırılmamış, yarımçıq qalmış vəziyyətdə idisə, orada xəbərdarlıq nişanı qoyulmalıydı, ərazi piyadaların hərəkətinə bağlı olmalıydı. Görüntülərdən də bəlli olur ki, belə bir şey yoxdur orda. Gənc azacıq kənara çəkilən kimi çuxura düşür. Yer ayrılır, yerə batır. Bu, əlaqədar qurumun öz vəzifəsinə məsuliyyətsiz yanaşması, vəzifə səlahiyyətlərini lazımi qaydada yerinə yetirməməsinin nəticəsidir. Güman edirəm ki, hüquq-mühafizə orqanları tərəfindən hadisə aydın, şəffaf şəkildə araşdırılacaq və günahkarlar layiqli cəzalarını alacaqlar.
V.Tofiqli qeyd etdi ki, belə bir hadisə hər birimizin başına gələ bilər:
- Kim bundan sığortalanıb ki, səkiylə, yolla getdiyin zaman çuxura düşməyəcəksən?! Səkilərdə, avtomobil yollarında bu cür boşluqlar, qazılmış, çökmüş yerlər nə qədər desəniz var. Məhz işin icrasında pərakəndəlik var deyə, problemlər həllini tapmır və belə faciələr yaşanır. Bu işdə məsul qurum hansıdırsa, o qurumun rəhbərliyi, işə məsuliyyətsiz yanaşanlar cəzalanmalıdır.
Qeyd edək ki, sosial şəbəkələrdə də faciənin səbəbkarları tənqidə məruz qalıb. AFN.az portalının baş redaktoru, jurnalist Həbibə Abdulla feysbuk səhifəsində bunları yazıb:
- Heç olmasa, bircə nəfər çıxıb üzr istəsin. Bircə nəfərin qanacağı çatsın ərizəsini yazıb işdən çıxsın. Bircə nəfərin vicdanı olsun, o igidin ailəsindən üzr istəsin, anasının ayaqlarına düşüb yalvarsın, desin, ay ana, sənin oğlun mənim səhvim ucbatından öldü, məni özünə oğul bil, ölənə qədər qulluğunda durum. Yoxdu! Hardadı o qanacaq, o vicdan anlayışı?! İnsan yaşayır, insana aid duyğular çoxdan ölüb. Heyvandan nə fərqimiz qalıb ki?!.