ain.az, Azertag portalına istinadən məlumat verir.
Buxarest, 29 iyun, AZƏRTAC
Rumıniyalı tanınmış siyasi şərhçi və beynəlxalq münasibətlər üzrə ekspert xanım Teodora Marin AZƏRTAC-ın Rumıniyadakı müxbirinə bildirib ki, Rusiyanın digər xalqlara, xüsusilə də keçmiş sovet məkanında yaşayan millətlərə qarşı davranışları köhnəlmiş imperiya düşüncəsinə əsaslanır.
T.Marin qeyd edib ki, beynəlxalq hüququ və insan haqlarını açıq şəkildə pozaraq digər xalqlara qarşı öz hegemon niyyətlərini diktə etməyə çalışan Rusiya XXI əsrin reallıqlarını görməzlikdən gəlir: “Rusiya bu gün də ötən əsrin Leninqrad doktrinası ilə hərəkət edir. Onların davranışı hüquqa yox, zor tətbiqinə, qarşı tərəfi susdurmağa və etnik qruplara qarşı təzyiqə əsaslanır”.
Ekspert bildirib ki, Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan vətəndaşlarının ardıcıl şəkildə saxlanılması və bu məsələnin şəffaf şəkildə ictimaiyyətə izah olunmaması rəsmi Moskvanın digər xalqlara qarşı aqressiv və sayğısız münasibətinin göstəricisidir.
“Azərbaycanlıların günahsız yerə saxlanılması həm beynəlxalq hüquq, həm də insan haqları baxımından ciddi pozuntudur. Bu, təkcə Azərbaycan vətəndaşlarına deyil, eyni zamanda, bütün region xalqlarına qarşı təzyiq siyasətinin tərkib hissəsidir,” – deyə T.Marin əlavə edib.
Müsahibimiz həmçinin vurğulayıb ki, bu cür davranışlar Rusiyanın beynəlxalq arenadakı nüfuzunu daha da zədələyir və onun təcridinə səbəb olur: “Əgər dünya Leninqrad modelinə əsaslanan qanunsuzluqla idarə olunsa, heç bir beynəlxalq sabitlikdən danışmaq mümkün olmayacaq”.
Siyasi şərhçinin fikrincə, Avropa və dünya ictimaiyyəti bu kimi hallara qarşı daha sərt və prinsipial mövqe nümayiş etdirməli, digər xalqların hüquqlarının pozulmasına laqeyd yanaşmamalıdır.
O qeyd edib ki, son dövrlərdə Rusiya ərazisində Azərbaycan vətəndaşlarına qarşı artan təzyiqlər və saxlanılma hallarına dair məlumatlar ciddi narahatlıq doğurur və beynəlxalq müşahidəçilər tərəfindən diqqətlə izlənir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.