Ankara, 29 iyun, AZƏRTAC
Günahsız insanlara qarşı istənilən zorakılıq, işgəncə və məhkəmədənkənar cəza faktları qəbuledilməzdir və qətiyyətlə pislənilməyə layiqdir. Qətl törədilməsinə insanlığa qarşı cinayət forması olaraq, heç bir haqq qazandırıla bilməz.
Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türkiyədə fəaliyyət göstərən “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təmsilçisi Hulusi Kılıç Sverdlovsk vilayətində azərbaycanlıların qətlə yetirilməsini şərh edərkən bildirib.
Diplomat Yekaterinburqda keçirilən reyd zamanı hüquq-mühafizə orqanlarının qətlə yetirdiyi Ziyəddin və Hüseyn Səfərovların yaxınlarına və ümumilikdə Azərbaycan xalqına başsağlığı verib.
H. Kılıç OMON-un hərəkətlərinə qarşı şəffaf, obyektiv və hərtərəfli istintaq aparılacağına ümid etdiyini bildirib. “İctimaiyyət istintaqın nəticələri barədə məlumatlandırılmalı, zərərçəkənlərin hüquqları bərpa olunmalı, üzr istənilməli və dəymiş ziyan ödənilməlidir”, – deyə o vurğulayıb.
“İMZA” ictimai birliyinin təmsilçisi qeyd edib ki, hər bir insanın yaşamaq və hüquqlarını məhkəmə yolu ilə müdafiə etmək haqqı var.
O, Rusiya hüquq-mühafizə orqanlarının hərəkətlərini yolverilməz adlandırıb. “Səmimi olaraq ümid edirik ki, bu cür cinayətlər bir daha təkrarlanmaz”, – deyə Hulusi Kılıç əlavə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara