AZ

Yekaterinburqda həbs olunan azərbaycanlıya İstintaq Komitəsində işgəncə verilib - VƏKİL

Rusiyanın Yekaterinburq şəhərində həbs edilən azərbaycanlılardan biri Əhliman Gənciyev Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsində işgəncələrə məruz qalıb.

Bu barədə “Report”un Rusiya bürosuna Ə.Gənciyevin hüquqlarını müdafiə edən vəkil İlkin Əmirov deyib.

Onun sözlərinə görə, istintaq müvəkkilinin ittiham olunduğu cinayətdə iştirakına dair bir dənə də olsun sübuta malik deyil.

"Əhliman Gənciyevin qətllə heç bir əlaqəsi yoxdur və mərhum Yunus Paşayevlə heç vaxt tanış olmayıb. Cümə günü (27 iyun - red.) səhər saat 6-da təhlükəsizlik qüvvələri müvəkkilimin evinə soxulub, onu iki saata yaxın vəhşicəsinə döyüb, axtarış aparıb, telefonlarını, sənədlərini və digər əşyalarını götürüb aparıblar. Bundan sonra Gənciyev naməlum şəkildə yoxa çıxıb", - İ.Əmirov bildirib.

Qohumları və vəkilləri saxlanılan şəxsin yerini müəyyənləşdirməyə çalışsalar da, heç bir nəticə əldə olunmayıb. Sonradan onun İstintaq Komitəsinə aparıldığı, işgəncələrə məruz qaldığı məlum olub. Şənbə günü (28 iyun - red. ) gecə ona zəng gəlib ki, həmin gün həbs-qətimkan tədbiri ilə bağlı məhkəmə iclası keçiriləcək.

"Əhliman Gənciyev Yunus Paşayevin qətlinin təşkilində ittiham olunur. Lakin Gənciyevin adı nə iş materiallarında, nə də dindirilən şahidlərin ifadələrində keçmir. O, Paşayevin kim olduğunu belə bilmir və bunu hamı çox gözəl anlayır", - vəkil vurğulayıb.

İ.Əmrov həbs müddətinin uzadılmasını həm mənfi, həm də müsbət məqam hesab edir: bir tərəfdən müvəkkilinin ölümü ilə nəticələnə biləcək işgəncələrin davam etdirilməsi riski var, digər tərəfdən də sübutun olmaması ittiham tərəfinin sonradan azadlığa buraxılmasına imkan yaradır.

Vəkil əlavə edib ki, işdə yeganə “sübut” işgəncə ilə alınan bir nəfərin etirafı və istintaqın maraqları naminə şəxsiyyəti gizlədilən iki şahidin ifadəsidir ki, bu da onun sözlərinin doğruluğunu yoxlamağı mümkünsüz edir.

Seçilən
2
37
aznews.az

10Mənbələr