AZ

SPD nin qurultayında ifrat sağçı AfD nin qadağan edilməsi üçün fəaliyyətə başlanması barədə qərar qəbul olunub

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Berlin, 29 iyun, AZƏRTAC

Almaniyada koalisiya hökumətinin ortağı olan Sosial Demokratlar Partiyasının (SPD) qurultayında ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının qadağan edilməsi üçün müvafiq prosedurlara başlanmasına dair qərar qəbul olunub.

AZƏRTAC xəbər verir ki, yekdilliklə qəbul olunan qərarda AfD-nin Konstitusiyaya zidd fəaliyyətini sübut edən dəlillərin toplanması üçün SPD tərəfindən federal və əyalət səviyyəsində fəaliyyət göstərən işçi qrupunun yaradılması əksini tapıb. Lazımi sübutlar toplanacağı təqdirdə AfD-nin qadağan olunması tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət ediləcək.

Qərarda AfD-nin əcnəbi vətəndaşların gəldikləri ölkələrə geri göndərilməsinə dair tələblərinin Konstitusiyaya və insan ləyaqətinə zidd olduğu bildirilib. Partiyanın parlamentar demokratiyaya etimadı sistemli şəkildə zəiflətmə siyasəti yürütdüyü, azad və demokratik konstitusion quruluşu aradan qaldırmağı hədəflədiyi ifadə edilib.

Qeyd edək ki, AfD-nin bir neçə regional təşkilatı uzun müddətdir sağçı-ekstremist təşkilatlar kimi qiymətləndirilir. Partiyanın ümumi strukturu isə indiyədək yalnız şübhəli hal kimi dəyərləndirilirdi. Almaniya Federal Konstitusiyanı Mühafizə İdarəsi üç il ərzində partiyanın fəaliyyətini araşdırıb və bu ilin mayında AfD-ni insan ləyaqətini pozan, ekstremist xarakteri səbəbindən sağçı-ekstremist meyilli təşkilat kimi təsnifləndirib. AfD bu qiymətləndirməyə qarşı məhkəmə iddiası qaldırıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
azertag.az

10Mənbələr