Rusiyada yaşayan azərbaycanlılara qarşı törədilmiş bu hadisə, birmənalı olaraq, cinayət hadisəsidir.
Sfera.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, bu kimi hadisələr Rusiyada ilk deyil:
“Rusiyada birinci dəfə deyil ki, etnik azlıqlara qarşı bu cür təzyiqlər, qətllər və bu kimi oxşar hadisələr baş verir. Bu cür qəbulolunmaz münasibətə MDB dövlətləri zaman-zaman ən yüksək etirazlarını bildiriblər. Belə görünür ki, bu cür addımlar Rusiyanın daxili siyasətinin bir trendidir”.
Tofiq Zülfüqarov məhkəmə hökmü olmadan bu cür münasibət, işgəncə, ölüm və sair kimi amillərə yalnız cinayət adını vermək olduğunu qeyd edib:
“Azərbaycan dərhal bu hadisəyə öz etirazını bildirdi. Burada iki əsas məsələyə diqqət çəkmək istəyirəm. Kütləvi həbs və işgəncəyə məruz qalanlar əgər Azərbaycan vətəndaşıdırsa, o halda, Azərbaycanın onların hüquqlarını müdafiəsi baxımından imkanları genişdir, amma eyni zamanda, aralarında Rusiya vətəndaşlığını qəbul edənlər də var ki, onların bu münasibətdən sonra hüquqlarının müdafiəsi üçün Azərbaycan tərəfinin imkanları bir qədər məhduddur”.
Sabiq xarici işlər naziri Rusiya rəhbərliyi daxilində aşkar formada müxtəlif güc mərkəzlərinin olduğuna diqqət çəkib:
“Onlar həm öz aralarında ciddi konfliktlər yaşayırlar, həm də müxtəıif ölkələri konkret hədəf kimi seçirlər. Buna uyğun olaraq da mənfi yönümlü siyasət həyata keçirirlər. Bütün bunlara baxmayaraq, Azərbaycan özünə qarşı, öz vətəndaşlarına qarşı yürüdülən bu cür kampaniya və siyasətlərin məsuliyyətini məhz rəhbərlikdə görür və tamamilə haqlıdır”.
Politoloq Rusiyanın bu cür münasibətinin qəbuledilməz olduğunu deyərək Azərbaycanla Rusiya arasında müttəfiqlik məsələsini xatırladıb:
“Ümumilikdə iki dövlət arasında müxtəlif sahələrə aid 400-dən çox sənəd imzalanıb. Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində bəyanatı göstərir ki, Rusiyanın belə bir qəbuledilməz addımlarına heç bir cavab yoxdur, varsa da, qənaətbəxş deyil. Məsələ beynəlxalq ictimaiyyətə də lazımi formada çatdırılıb və müxtəlif xarici media orqanlarında bununla bağlı müzakirələr aparılır”.
T. Zülfüqarov Rusiyada yaşayan azərbaycanlıların bundan sonrakı taleyi barədə də fikirlərini ifadə edib:
“Onların bir qismi miqrant kimi, bir qismi Rusiya vətəndaşlığını qəbul etmiş formada oradadır. Hər iki halda, əgər Rusiyanın Azərbaycana və azərbaycanlılara münasibəti dəyişməzsə, yəqin ki, o adamlar Rusiyada yaşayıb-yaşamamamalrı barədə bir daha düşünməlidirlər”.
Keçmiş nazir qonşu və müttəfiq ölkə kimi Rusiyadan fərqli münasibət gözlədiyini qeyd edib:
“Aktauda baş verən təyarə hadisəsi, daha sonra azərbaycanlı deputatın Hava Limanında saxlanılması və bu hadisə... Biz bu hadisələrə Rusiya tərəfindən fərqli münasibət gözləyirdik. Çünki sadaladığımız müttəfiqlik və qonşuluq münasibəti belə tələb edir. Amma görürük ki, Rusiya tərəfindən bəzi məqmlarda həta beynəlxalq qanunlara uyğun olmayan addımlar atıldı. Rusiya ümumi qonşuluq və müttəfiqlik münasibətlərini bir daha düşünməli, nəzərdən keçirməli və ona uyğun laızmi addımlar atmalıdır”.