2000-ci illərin əvvəllərində törədilmiş cinayətdə şübhəli bilinərək iyunun 27-də Yekaterinburqda güc tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlının məhkəmə prosesi başlayıb.
Redaktor.az xəbər verir ki, məhkəmə onların barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxır.
İyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı on nəfərdən çox mənzildə keçirilmiş əməliyyat zamanı çoxsaylı şəxslər, o cümlədən Ağdam sakinləri olan Səfərovlar ailəsinin üzvləri saxlanılıb. Əməliyyat nəticəsində iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
İttiham tərəfi iclasın qapalı rejimdə keçirilməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib, bundan sonra jurnalistlər zaldan çıxarılıb.
Saxlanılanların hər biri barəsində qətimkan tədbirinin seçilməsi məsələsi ayrıca baxılır. Məzahir Səfərovun işi üzrə ittiham tərəfi həbs qətimkan tədbirinin seçilməsini tələb edib, vəkil isə ev dustaqlığında israr edib. Səfərov öz vəkilinə bildirib ki, etiraf güc tətbiq edilməklə və təzyiq altında, o cümlədən ailəsinə qarşı hədələr daxil olmaqla alınıb.