Almaniyanın ultrasağ "Almaniya üçün Alternativ"(AfD) partiyası uzun illər "Putin dostları" və "Kremlin ruporu" kimi tanınıb.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Nəşr qeyd edir ki, lakin son aylarda Almaniya mediasında bu imicin dəyişməsi ilə bağlı suallar artır: AfD doğrudan da Rusiya ilə məsafəmi saxlayır, yoxsa bu, sadəcə görüntüdür?
Rusiya ilə yaxınlıq zəifləyirmi?
Bütün bu müzakirələrə səbəb AfD-nin tanınmış fiqurlarından biri - Matias Mosdorfun may ayında Bundestaqdakı Xarici Əlaqələr Komitəsinə yenidən seçilə bilməməsi olub. Mosdorf təkcə siyasətçi deyil, həm də Rusiyaya tez-tez səfər edən və Moskvanın Qnesinlər adına musiqi akademiyasının fəxri professoru olan musiqiçidir. Alman mətbuatı onu "şeytanın skripkaçısı" kimi tanıyır.
Mosdorfun "vurulması" təkcə onunla məhdudlaşmır. Avropa Parlamentindən digər AfD üzvü Petr Bistronun da Rusiyaya bağlı maliyyə qalmaqalında adı keçir. Eyni zamanda, partiyanın rəhbərlərindən Tino Xrupalla ötən il 9 May Qələbə Günü münasibətilə Rusiya səfirliyində keçirilən tədbirdə iştiraka görə kəskin tənqid olunub.
Zelenskinin nitqinə boykot və rəsmi səfərlərə nəzarət
Buna baxmayaraq, AfD-nin siyasi proqramı dəyişməyib: Rusiya ilə münasibətlərin normallaşdırılması, sanksiyaların ləğvi, Ukraynaya silah göndərilməsinin dayandırılması partiyanın əsas mövqeləri olaraq qalır. Hətta 2024-cü ilin iyununda Ukrayna prezidenti Vladimir Zelenskinin Bundestaqdakı çıxışı zamanı AfD fraksiyası zalı tərk edərək bu mövqeyi rəmzi şəkildə nümayiş etdirib.
Lakin paralel olaraq partiyada Moskvanı ehtiyatla tənqid edən səslər də eşidilməyə başlayıb. AfD rəhbərliyində təmsil olunan Hannes Qnauk bu yaxınlarda Rusiyanı "amansızlıqla maraqlarını güdən ölkə" adlandırıb və onu nə "dost", nə də "düşmən" kimi təqdim edib.
"Süddeutsche Zeitung" isə qeyd edir ki, bəzi AfD üzvləri seçiciləri qorxutmamaq üçün Moskva yönümlü ritorikanın yumşaldılmasını istəyir. Alman cəmiyyətində Rusiyaya qarşı skeptisizm getdikcə artır. Yeni qaydalara görə, indi AfD deputatlarının Rusiyaya səfərləri yalnız fraksiya rəhbərliyinin icazəsi ilə mümkündür. Bu da kurs dəyişikliyinin başqa bir göstəricisi kimi şərh olunur.
Yeni sima - köhnə bağlantılar
İyunun əvvəlində AfD-nin yeni xarici siyasət sözçüsü Markus Fronmayer oldu. 34 yaşlı bu siyasətçi əvvəllər partiyanın gənclər qanadına rəhbərlik edib və vaxtilə Federal Konstitusiya Müdafiə İdarəsi tərəfindən "ekstremist" qurum kimi tanınıb. O, həmçinin Krıma səfərləri və Rusiyadakı əlaqələri ilə gündəmə gəlib. "Der Spiegel" onu hələ 2019-cu ildə "Putinin kuklası" adlandırıb.
Fronmayer isə iyunun 25-də Almaniya radiosuna müsahibəsində Rusiya ilə mövcud münasibətləri barədə konkret fikir bildirməkdən yayınıb, sadəcə "rəsmi əlaqələrin normal olduğunu" söyləyib. Eyni zamanda, o, kansler Mersə, əgər bu "Avropada sabitliyə töhfə verəcəksə", Rusiya prezidenti Putinlə dialoqa getmək üçün təşəbbüs göstərməyi tövsiyə edib.
Trampa baxış: yeni dostluq kursu?
"Der Spiegel" yazır ki, partiyanın Rusiya ilə yaxınlıq imici zəifləyir və onun yerini Tramp Amerikasına meyl tutur. Bu meyl hələ 2024-cü ilin payızında görünməyə başlayıb: Trampın müttəfiqi olan milyardçı İlon Mask AfD-ni açıq şəkildə dəstəkləyib, ABŞ vitse-prezidenti Cey Di Vens isə seçkilərə bir həftə qalmış AfD lideri Alis Vaydel ilə Münhendə görüşüb.
Fronmayer jurnalistin "AfD indi siyasətini Trampamı yönəldir?" sualına cavabında deyib ki, partiya sadəcə Almaniyanın milli maraqlarından çıxış edir və həm Amerika, həm də Rusiya və Çinlə əlaqələrə açıqdır.
Vaydel isə 24 iyun tarixli çıxışında Almaniyanı Trampdan nümunə götürməyə və Rusiya ilə diplomatik əlaqələri bərpa etməyə çağırıb. Bu da onu göstərir ki, partiyanın kursu hər nə qədər Vaşinqtona tərəf yönəlsə də, Moskva ilə münasibətlərin tamamilə qoparılması nəzərdə tutulmur.
Kurs dəyişir, amma dərin və sistemli deyil
AfD-dəki dəyişikliklər bəzi simaların arxa plana keçməsi və ehtiyatlı Moskva tənqidlərinin yaranması partiyanın özünü yenidən mövqeləndirməsi kimi görünür. Lakin Fronmayer kimi fiqurların yüksəlişi onu göstərir ki, bu dəyişikliklər hələ dərin və sistemli deyil. Partiya balans axtarır: bir tərəfdə Trampın ABŞ-ı, digər tərəfdə isə siyasi köklərinin uzandığı Rusiya dayanıb.