AZ

Paşinyan baş keşişi qovdu - ona ilk dəfə "Ktriç Nersisyan" dedi...


“II Qaregin könüllü olaraq subaylıq andını pozub və övladı var. Bu faktdır və əgər II Qaregin bunu inkar etməyə çalışsa, mən bunu lazımi formatda sübut edəcəm”. Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında erməni katolikos II Qaregin haqda qeyd edib.

“Buna əsasən, Erməni Apostol Kilsəsinin Kanon Qanununa görə II Qaregin yepiskop, arxiyepiskop ola bilməz, seçilə bilməz, katolikos ola bilməz. Ktriç Nersisyan patriarxlığı boşaltmalıdır”. Bununla Paşinyan II Qareginə ilk dəfə olaraq dünyəvi adı və soyadı ilə müraciət edib. Xatırladaq ki, Erməni Apostol Kilsəsinin sənədlərdə onun adı məhz Ktriç Nersisyandır.

Paşinyan artıq bu şəxsin tutduğu vəzifəni tərk etməsinin vacibliyini də diqqətə çatdırır: “Erməni Apostol Kilsəsinin sadiq davamçısı kimi, mənəvi irsimizin hər bir dəyərinə, hər bir yadigarı, hər bir surətinə və daşına hörmətlə yanaşan şəxs kimi qeyd edirəm: Erməni Apostol Müqəddəs Kilsəsinin yeni seçilmiş katolikosu olmalıdır, onun yaxşı davranışı katolikosluq seçkilərinə qədər yoxlanılaraq təsdiqlənəcək. Mən Erməni Apostol Müqəddəs Kilsəsinin sadiq davamçılarını patriarxlığın məhəbbətlə və xristian tərzdə azad edilməsi və bütün erməni katolikosu olaraq həqiqətən müqəddəs bir ruhanini seçmək gündəmi ətrafında birləşməyə çağırıram”.

Qeyd edək ki, erməni mediası bu postu “Paşinyan kilsəyə qarşı müharibəyə çağırdı” başlığı ilə yayıb. Bundan öncə Paşinyan kilsə xadiminin “subaylıq andını” pozduğunu bildirsə də, onun kimliyini açıqlamamışdı. Paşinyan hələ ki, katolikosun övladı olduğunu necə öyrəndiyini izah etməyib. Erməni keşişlər Paşinyanın həmlələrinə əks-hücum münasibəti ilə cavab verirlər. Onlardan biri olan keşiş Asoqik Karapetyan bildirir: “İnsanları qarşıdurmaya aparırsan? Müqəddəs kilsənin həyətini qanla doldurmaq istəyirsən? Ermənistan Respublikasında, dövlət səviyyəsində kilsəyə qarşı terror açıq şəkildə planlaşdırılır. Siz haradasınız, ölkənin müvafiq strukturları? Siz haradasınız, indiki və keçmiş dövlət xadimləri, deputatlar və digər aidiyyəti şəxslər? Siz bu qədər kor və bu qədər karsınız?”. Kilsənin muzeyləri və arxivlərinin direktoru olan Asoqik Karapetyan vurğulayır ki, heç bir din xadimi “əclaf şəxslərin xalq tərəfindən seçilmiş patriarxa qarşı qılınc qaldırmasına” icazə verməyəcək: “II Qareginin əvəzinə katolikos taxtına sahib çıxmağa razılaşacaq bir keşiş yoxdur. Erməni kilsəsində satılıb Rəbbin Məsh olunmuşuna qarşı izdihamı müşayiət edən Yəhuda yoxdur. Erməni kilsəsindəki hər bir xidmətçi həvaridir, həyatını qurban verməyə olmağa hazırdır”. Baş nazirin katolikosların patriarxlığı boşaltmalı olduğuna dair son bəyanatına cavab olaraq kilsədən rəsmi açıqlama verilməyib və ruhani elita yeni görüş üçün toplaşmayıb. Arxiyepiskop Maykl Əcəbxanyan hakimiyyətin etdiklərinin Allahın iradəsinə zidd olduğunu israr edir: “II Qaregini mühakimə etmək səlahiyəti sənə verilməyib, onun hakimi Allahdır. Özünü Allahın yerinə qoymusan?”. Şirak yeparxiyasının lideri olan Maykl Əcəbxanyan qeyd edir ki, hakimiyyətlə onlar arasında fikir ayrılığı getdikcə dərinləşir. O, keşişlər tərəfindən etiraz aksiyalarının başlayacağını istisna etmir: “Yaxşı, siz kilsədə görünməmiş bir şey görürsünüzmü? Hansısa hərəkat, nə isə ruhanilərin barrikadalar qurduğu, bilmirəm nə, mövqelər tutmaq kimi hallarla rastlaşmısınız? Kilsə sakit şəkildə öz missiyasını davam etdirir”.

Erməni mediası yazır ki, daha əvvəl katolikos II Qaregini taxtdan salmaq cəhdi artıq uğursuzluqla nəticələnib; Paşinyan hakimiyyətə gəldikdən dərhal sonra “Yeni Ermənistan, Yeni Patriarx” hərəkatı yarandı. Bir qrup fəal, o cümlədən bir neçə din xadimi qəzəblə II Qareginin korrupsioner olduğunu və bizneslərinin olduğunu iddia edirdi. Həmin vaxt onun subaylıq andı ilə bağlı problemdən söz açılmayıb. Bu arada Paşinyanı dəstəkləyən fəallar da hərəkətə keçib. Onlar bəzi kilsələr qarşısında oturaq aksiya keçirib. Nikol Paşinyan yeni patriarx tələb edən bu qrupun hərəkətlərinə də cavab verib: “Biz burada kilsədaxili məsələ ilə məşğul oluruq, proses indiyə qədər, məncə, kilsənin hüdudlarından kənara çıxmayıb”. Paşinyan hakimiyyətinin ilk iki ilində, 44 günlük müharibəyə qədər bir-birini təhqir edənlər olsa da, ümumiyyətlə, II Qaregin ilə baş nazir bir yerdə, gülümsəyərək görünürdülər. Nikol Paşinyan II Qaregindən hədiyyə alarkən kilsədə ad günü tortunun üzərindəki şamları söndürüb. O vaxt qeyd edirdi “Mənim imtina edə bilmədiyim yeganə hədiyyənin müəllifi mənə Əhdi-Cədid verən II Qaregin həzrətləri idi”. Müharibədən düz bir ay sonra kilsə də Paşinyanın istefasını tələb edənlərə qoşularaq bunu “ata nəsihəti” kimi qələmə verdi. Eçmiədzin onların siyasətlə heç bir əlaqəsi olmadığını, milli maraqlar güddüklərini təkid edirdi. II Qaregin bu xüsusda qeyd edirdi: “Əgər kilsənin mövqeyi bu və ya digər qrup və ya siyasi qüvvənin baxışlarına uyğundursa, bu, Kilsənin bu və ya digər siyasi partiyaya qarşı qərəzli mövqeyi kimi şərh edilməməlidir”. Bundan sonra arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə başlayan aksiya da kilsə dəstək verdi. İndi ruhanilər əmindirlər ki, Paşinyanın Eçmiədzində başlatdığı inqilabın səbəbi məhz onun istefası tələbidir. Arxiyepiskop Maykl Əcəbxanyan bunun səbəbini belə izah edir: “Çünki kilsə ona “gözünün üstündə bir qaş var” demişdi”. Bu gün Nikol Paşinyan artıq Patriarx II Qaregini taxtdan endirməkdə israrlıdır: “Bütün bunlar ona görə edilir ki, mənəvi irsin hər bir dəyərinə, hər yadigara, hər obraza II Qaregin qısqancılıqla yanaşır, ona görə də yeni seçilmiş katolikos lazımdır”.

Tahir TAĞIYEV

Seçilən
13
baki-xeber.com

1Mənbələr